Logo
    main-post-cover

    YouTube DM funksiyasını yenidən sınaqdan keçirir

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, YouTube platformaya yenidən şəxsi mesajlaşma imkanını gətirməyə cəhd edir. Şirkətin dəstək səhifəsində qeyd olunub ki, yeni özəllik istifadəçilərə videoları birbaşa platforma daxilində paylaşmaq və müzakirə etmək imkanı verəcək. Hazırda test yalnız İrlandiya və Polşada, 18 yaşdan yuxarı istifadəçilər üçün aparılır. Lakin şəxsi mesajlarda adətən məxfilik gözlənilsə də, Google bildirib ki, mesajlar icma qaydalarına uyğunluğun təmin edilməsi üçün nəzərdən keçirilə bilər.
        Bu, YouTube-un mesajlaşma sahəsində ilk addımı deyil. Platforma 2017-ci ildə DM funksiyasını istifadəyə vermiş, lakin 2019-cu ildə bu xüsusiyyəti silərək diqqəti şərhlərdəki ictimai müzakirələrə yönəltmişdi. İndi isə şirkət altı il sonra eyni funksiyanı yenidən sınayır. Google-un sözlərinə görə, bu, istifadəçilərin ən çox tələb etdiyi funksiyalardan biridir və bu dəfə daha geniş miqyasda tətbiq oluna bilər.
    Paylaş