Logo
    main-post-cover

    YouTube istifadəçilərə bir neçə saatlıq reklam elanları sərgiləməyə başlayıb

    Sosial Media
    27.01.2025
    Emil
         YouTube video izləmə xidmətini istifadəçilərə pulsuz təqdim edir. Lakin bunun qarşılığında istifadəçilərə hər izlənən videoda reklam elanları sərgilənir. Video izləmə zamanı reklam elanlarının sərgilənməməsini istəyən istifadəçilər üçün ödənişli YouTube Premium abunəliyi təklif edilir. Lakin istifadəçilərin əksəriyyəti videolardakı reklam elanları ilə reklam bloklayıcıları vasitəsilə mübarizə aparır. YouTube platformasının sahibi olan Google öz növbəsində reklam bloklayıcılarına qarşı çıxış edir. Məlum olub ki, şirkət bu cür alətlərdən istifadə edən istifadəçilərlə yeni mübarizə yoluna əl atıb.
         Belə ki, videoservis reklam bloklayıcılarından istifadə edənlərə video izləmə zamanı olduqca uzun xronometrajlı reklam elanları sərgiləməyə başlayıb. Reklam bloklayıcılarından istifadə edənlər Reddit platformasında şikayət etməyə başlayıblar ki, videoservis onlara aradan qaldırılması mümkün olmayan uzun reklam elanları sərgiləyir. Sərgilənən reklam elanları isə o qədər uzundur ki, istifadəçinin videonu sona kimi izləmək həvəsi aradan qalxır. Məsələn istifadəçilərdən biri qeyd edib ki, YouTube-dakı 49 dəqiqəlik videonu izləmək üçün videoservis ona 52 dəqiqəlik reklam elanını izləməyi təklif edib.
         Digər bir istifadəçi isə 58 dəqiqəlik reklam elanından şikayətlənib. Google etiraf edib ki, o, məsələnin həll edilməsi yolunda belə radikal üsullardan istifadə etmək məcburiyyətindədir. “Reklam bizim platformamızdakı video müəlliflər üçün həyati əhəmiyyət daşıyan vasitədir. Reklam onlara öz bizneslərini inkişaf etdirməyə imkan verir. Məhz buna görə reklam bloklayıcıları videoservisin xidmət şərtlərini pozur” - deyə şirkət rəsmisi qeyd edib. Şirkət rəsmisi həmçinin əlavə edib ki, ən pis halda videoservis həmin istifadəçilər üçün ümumiyyətlə video izləmə imkanını deaktiv etmək hüququna sahibdir.
     
    Paylaş