Logo
    main-post-cover

    YouTube istifadəçilərin yaşını süni intellekt vasitəsilə təyin etməyə başlayıb

         YouTube-da süni intellektdən istifadə edən bir sistem istifadəyə verilib. Bu sistem istifadəçinin yaşını qiymətləndirir və onun yetkin olub-olmadığını müəyyən etməyə çalışır. Bunun üçün platforma istifadəçi hesabındakı video izləmə tarixini və hesabın mövcud olma müddətini araşdırır. Əgər sistem istifadəçinin 18 yaşdan kiçik olduğu qənaətinə gələrsə, hesab yeniyetmə rejiminə keçiriləcək. Artıq YouTube qeydiyyat zamanı istifadəçilərin göstərdikləri doğum tarixinə etibar etmir - onun əvəzinə yaş qiymətləndirməsini süni intellekt alqoritmi həyata keçirir. Yeni sistem hələ iyul ayında elan edilmişdi, ABŞ-da isə bu gündən etibarən işə başlayıb. Sistem istifadəçinin axtarış tarixini, video izləmə tarixini və hesabın aktivlik müddətini nəzərə alaraq onun yaşını təyin edir.
         Əgər süni intellekt müəyyən etsə ki, istifadəçi 18 yaşdan kiçikdir, hesab yeniyetmə rejiminə keçirilir. Bu isə yaş məhdudiyyətli videolara girişin məhdudlaşdırılması və, məsələn, yatmaq vaxtını xatırlatma kimi funksiyaların avtomatik aktivləşdirilməsi deməkdir. “Bu iş YouTube-un istifadəçilərini necə qoruması baxımından fundamental əhəmiyyət daşıyır və biz onlara internetdən təhlükəsiz istifadə imkanını təmin etməyə davam edəcəyik” - deyə platforma administrasiyası bildirib. Funksiya ABŞ-da debüt etsə də, bundan əvvəl YouTube onu digər ölkələrdə sınaqdan keçirib və işlək olduğunu sübut edib. Bəzi ABŞ istifadəçiləri narahatlıqlarını ifadə ediblər ki, platforma onların hesablarını səhvən yetkinlik yaşına çatmayanlar rejiminə keçirə bilər - məsələn, uşaq cizgi filmlərinə baxmağı sevənləri.
         Bu halda YouTube administrasiyası apellyasiya mexanizmini nəzərdə tutub: hesab yeni rejimə keçirildikdə istifadəçiyə müvafiq bildiriş göndəriləcək və o, qərarı kredit kartı, dövlət tərəfindən verilmiş sənəd və ya selfi vasitəsilə ləğv edə biləcək. Qeyd olunub ki, şirkət təqdim edilən təsdiqləmə məlumatlarını necə istifadə edəcəyini dəqiqləşdirməyib. YouTube nümayəndəsi yalnız bunun “reklam məqsədləri üçün istifadə olunmayacağına” söz verib - yəni, mümkündür ki, başqa məqsədlər üçün istifadə edilsin. Bəzi istifadəçilər isə o qədər narazı qalıblar ki, Change.org platformasında petisiya yaradıblar və bu, artıq 70 000-dən çox imza toplayıb.
    Paylaş