Logo
    main-post-cover

    YouTube qeyri-leqal kontentlə zəngindir

    Sosial Media
    08.07.2025
    Emil
         Adalytics şirkətinin aparmış olduğu araşdırma göstərib ki, YouTube pirat məzmunun yayılması üçün əsas platformalardan biri olaraq qalır. Platformada hələ kinoteatrlarda nümayiş olunan və ya premyeraya hazırlaşan filmləri belə tapmaq mümkündür. Belə materialların ümumi baxış sayı 250 milyonu keçib. Araşdırmaya əsasən, 2024-cü ilin iyul ayından 2025-ci ilin may ayınadək YouTube-da müəllif hüquqlarının pozulması ehtimalı olan 9000-dən çox video aşkar edilib. Bunların arasında tanınmış studiyalara məxsus tammetrajlı filmlər, məşhur seriallar, Netflix eksklüzivləri və hətta idman matçlarının yayımları da var. Bu hallardan biri 23 may 2025-ci ildə rəsmi olaraq nümayiş etdirilmiş “Lilo & Stitch” adlı Disney filmidir.
         Məlumata əsasən bu film artıq YouTube-da 200 000-dən çox dəfə izlənilib və bu, studiyaya milyonlarla dollar potensial zərər vura bilər. Məlum olduğu kimi, müəllif hüquqlarının pozulması ilə mübarizə aparmaq üçün YouTube avtomatik olaraq yüklənən videoları skan edən və onları hüquq sahiblərinin bazası ilə müqayisə edən Content ID sistemindən istifadə edir. Lakin Adalytics şirkətinin qurucusu Krzysztof Franaszek bildirib ki, bu sistem bəzən düzgün işləməyə bilər və nəticədə pirat məzmunun əhəmiyyətli bir hissəsi platformada qalmağa davam edir. YouTube-un nümayəndəsi Jack Malon isə bildirib ki, son 1 il ərzində Content ID sistemi 2.2 milyard potensial müəllif hüququnu pozan video aşkarlayıb.
         Onun sözlərinə görə, bu videoların təxminən 90%-i platformada qalır, lakin həmin videolarda yayımlanan reklamdan gələn gəlir hüquq sahiblərinə ötürülür. Qalan 10% isə hüquq sahiblərinin tələbi ilə silinir. Malon həmçinin qeyd edib ki, Adalytics-in araşdırmasına ehtiyatla yanaşmaq lazımdır, çünki bu, bəlkə də elə şirkətin özünün marketinq strategiyasının bir hissəsi ola bilər. O vurğulayıb ki, aşkar edilmiş bütün videoları qeyri-leqal adlandırmaq düzgün deyil, çünki son qərar hər zaman hüquq sahiblərinə məxsusdur. Öz növbəsində, Franaszek izah edib ki, Adalytics-in araşdırması, demək olar ki, təsadüfən başlayıb. Şirkətin müştəriləri diqqət çəkiblər ki, onlayn reklam büdcəsinin 60%-ə qədəri daha sonra sistem tərəfindən silinən videolara yönəlir. Lakin belə videolar silindikdən sonra həmin reklamlara dair bütün məlumatlar da yox olur ki, bu da reklamların effektivliyinin analizini çətinləşdirir.
    Paylaş