Logo
    main-post-cover

    YouTube reklam bloklayıcıları səbəbilə videoların sürətini aşağı salır

    Sosial Media
    17.06.2025
    Emil
         YouTube reklamları bloklayan istifadəçilər üçün videoların baxış sürətini azaltmağa başlayıb. RedditBrave brauzerinin forumunda bunun necə baş verdiyini göstərən paylaşımlar yer alıb. Videonu ilk dəfə açdıqda, reklamın uzunluğuna uyğun qara ekran görünür və əlavə olaraq “brauzer əlavələrinin - məsələn, reklam bloklayıcıların - videonun işləməsinə mane olub-olmadığını yoxlayın” məzmunlu bir pəncərə açılır. PCWorld nəşri bu davranışı məşhur uBlock Origin Lite reklam bloklayıcısı ilə sınaqdan keçirib və YouTube-un bu reaksiyasını təsdiqləyib. Bununla belə, belə əlavələrin tərtibatçıları artıq bu açılan pəncərə problemini sürətli şəkildə aradan qaldırmağı bacarıblar.
         Eyni zamanda AdGuard şirkətinin nümayəndəsi bu vəziyyəti istifadəçilərlə YouTube arasında “klasik pişik-siçan oyunu” kimi xarakterizə edib. Ekspert bildirib ki, əgər YouTube istəsəydi, reklam bloklayıcılarına qarşı daha sərt tədbirlərə çoxdan keçə bilərdi və keçmişdə də buna bənzər taktikalar tətbiq etmişdi. Bəzi istifadəçilər ehtimal edirlər ki, məhdudiyyətlər konkret YouTube hesablarına bağlı ola bilər. Yəni daha əvvəl müxtəlif reklam bloklayıcılarının istifadəsi həmin hesablarla qeydə alınıb. Bu da platformaya brauzerə quraşdırılmış əlavələrdən asılı olmayaraq reaksiya verməyə imkan yaradır.
         Bundan əlavə, YouTube reklamları necə keçmək və ya Premium abunəliyi olmadan videoları necə yükləmək barədə məlumat verən kontent yaradıcılarına qarşı moderasiyanı sərtləşdirib. Belə videolar silinir, hesablar isə “zərərli və təhlükəli məzmun” qaydalarının pozulmasına görə bloklanır. PCWorld qeyd edib ki, hazırda YouTube Premium abunəliyinin aylıq dəyəri (14$) bir çox istifadəçi üçün əsaslandırılmış görünmür. Mobil istifadəçilər və musiqi dinləyiciləri üçün nəzərdə tutulan YouTube Premium Lite versiyası da geniş istifadəçi dəstəyi qazana bilməyib. Müstəqil qiymətləndirmələrə görə, reklamların artması və keyfiyyətinin aşağı düşməsi fonunda reklam bloklayıcılarından istifadə edənlərin sayı artmaqda davam edir.
    Mənbə: PCWorld
    Paylaş