Logo
    main-post-cover

    YouTube video yaradıcılarına nalayiq sözlər istifadə etməyə icazə verib

         YouTube platformasının monetizasiya bölməsinin rəhbəri Conor Kavanagh bildirib ki, artıq ilk 7 saniyəsində qeyri-etik ifadələr işlədilən videolar tam şəkildə monetizasiya edilə biləcək. Əvvəllər bu cür materiallar yalnız “məhdud reklam gəliri” əldə etmək hüququna malik idilər. 2022-ci ilin noyabrında YouTube administrasiyası monetizasiya qaydalarını sərtləşdirərək, ilk 8-15 saniyəsində nalayiq sözlər olan videolar üçün reklam gəlirini dayandırmışdı.
         Bu qərara cavab olaraq, məsələn, ProZD kanalının sahibi bir video paylaşaraq 15 saniyə susduqdan sonra qaydanı açıq şəkildə tənqid etmiş və kobud ifadələr işlətmişdi. Daha sonra o bildirmişdi ki, həmin video da monetizasiyadan çıxarılıb. YouTube administrasiyası platformada qeyri-etik sözlərə qarşı tədbirləri “yayım standartlarına uyğunlaşmaq istəyi” ilə izah edib. “Reklamverənlər gözləyirdilər ki, YouTube-da nümayiş etdirilən reklamla nalayiq ifadələr arasında müəyyən bir məsafə olsun” - deyə Conor Kavanagh bildirib.
         Lakin onun sözlərinə görə, artıq bu gözləntilər dəyişib və reklamverənlərin qeyri-etik leksikanın müəyyən səviyyəsinə uyğun kontenti hədəfləmək imkanı var. Bununla belə, platforma hələ də başlıq və ya önizləmə şəkillərində (thumbnail) mülayim və ya ağır söyüşlər olan videoları monetizasiya proqramına buraxmayacaq. Reklamverənlər üçün uyğun olmayan kontentə dair YouTube qaydalarının pozulması işarəsi həmçinin qeyri-etik ifadələrin çox yüksək tezliklə istifadə olunduğu videolara tətbiq olunacaq. “İndi artıq söyüşü harada və necə istifadə etmək lazım olduğunu ağılla seçmək gərəkdir”  deyə Conor Kavanagh yekunlaşdırıb.
    Paylaş