
YouTube videolardakı ən parlaq və emosional anlarında reklamlar göstərəcək
Sosial Media
15.05.2025
Emil
YouTube platformasında videolardakı ən parlaq və emosional anlardan dərhal sonra reklam göstərilməyə başlanacaq. Bu yeni hədəfləmə formatı Peak Points adlanır və videonu analiz edərək ən yüksək izləyici diqqəti və emosional reaksiya doğuran səhnələri müəyyən etmək üçün Gemini süni zəka sistemindən istifadə edir. Məsələn, kulminasiya və ya emosional epizodlar bu kateqoriyaya daxildir. Belə bir məqam bitdikdən dərhal sonra istifadəçiyə reklam göstəriləcək. TechCrunch xəbər verib ki, Peak Points formatı Nyu-Yorkda keçirilmiş Upfront tədbirində təqdim edilib.

YouTube hesab edir ki, “pik nöqtələrdən” sonra göstərilən reklamlar daha yaxşı yadda qalacaq, çünki həmin anda izləyicilər kontentə maksimal şəkildə cəlb olunmuş olurlar. Bu yanaşma emosional hədəfləmə (emotional targeting) strategiyası ilə müqayisə olunur. Həmin strategiyada reklamverənlər reklam məzmununu videonun əhval-ruhiyyəsinə uyğun təqdim etməyə çalışırlar. Baxmayaraq ki, yeniliklər adətən irəliyə doğru atılan addım kimi qiymətləndirilir, bu yeni formatın mübahisəli tərəfləri də var. Reklamın videonun ən maraqlı anında göstərilməsi bütün istifadəçilərin xoşuna gəlməyə bilər.

Bir çox izləyici, xüsusilə güclü emosiyalar doğuran videolara baxarkən, kəsintisiz izləməyi üstün tutur. Hazırda Peak Points reklamlarının adi reklamlar kimi söndürülüb-söndürülməyəcəyi və ya ötürülə biləcəyi dəqiq məlum deyil. Eyni zamanda, YouTube izləyicilər üçün daha cəlbedici sayılan bir format da təqdim edib. Birbaşa reklam içində alış-veriş lentləri. İndi videoya baxarkən istifadəçi başqa sayta keçmədən məhsulu elə yerindəcə ala biləcək. Şirkətin fikrincə, bu yanaşma həm reklamverənlərə, həm də istifadəçilərə daha çox xoş gələcək.
Mənbə: Techcrunch
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
