
YouTube videolarında müxtəlif məhsullara birbaşa keçidlər yerləşdirmək mümkün olacaq
Sosial Media
17.09.2025
Emil
YouTube öz platformasının növbəti 20 il inkişafına həsr olunmuş genişmiqyaslı Made On tədbiri keçirib. Tədbirdə platforma nümayəndələri onun gələcəyi barədə danışıb və kontentin monetizasiya üsullarını dəyişəcək yeni funksiyaları elan ediblər. Bu yeniliklər istifadəçilərin xidmətdə videolarda nümayiş etdirilən məhsullarla qarşılıqlı əlaqəsini dəyişməlidir. YouTube videolarında məhsullara birbaşa keçidlər peyda olacaq. Bu o deməkdir ki, istifadəçilər izlədikləri videolarda göstərilən məhsulları dərhal almaq üçün müvafiq saytlar keçidinə daxil ola biləcəklər. Ən mühüm yeniliklərdən biri brendlərin reklam bloklarının dinamik yerləşdirilməsinin dəstəklənməsi olacaq.

Bu, kontent müəlliflərinə artıq dərc olunmuş videolarda bir sponsor inteqrasiyasını digəri ilə əvəz etməyə imkan verəcək. Belə yanaşma müəlliflərə reklamı təkrar satmağa şərait yaradacaq və artıq dərc olunmuş materiallarda aktual inteqrasiyalar əks olunacaq. Funksiya gələn ilin əvvəlində sınaq çərçivəsində işə düşəcək, ümumi istifadəyə isə daha sonra veriləcək. Həmçinin tərtibatçılar süni intellekt əsaslı avtomatik teqləmə funksiyasını işə salmağı planlaşdırırlar. Bu funksiya videoda qeyd olunan uyğun məhsulları şəkillər, səsləndirmə və müəllifin videonun təsvirində daxil etdiyi məlumat əsasında avtomatik olaraq tapıb işarələyəcək.
Bu yenilik növbəti il ərzində ABŞ-dakı tələblərə cavab verən kontent müəllifləri üçün tətbiq olunmağa başlayacaq. Bundan əlavə, YouTube Shorts-da brendlərin veb-saytlarına keçid əlavə etmək imkanı da olacaq. Bu funksiya bu ilin sonlarında sınaq mərhələsinə çıxarılacaq, gələn il isə ümumi istifadəyə veriləcək. Tərtibatçılar həmçinin ən yaxşı izləyicilərin sevimli müəlliflərindən eksklüziv məhsullar almalarına imkan verən təcrübi funksiyanı işə salacaqlar. Bu yenilik artıq test olunur, lakin tərtibatçılar hələlik onun haqqında ətraflı danışmırlar.
Paylaş