Zuckerberg süni intellekt çatbotları üçün valideyn nəzarətini qəbul etməyib
Sosial Media
28.01.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Mark Zuckerberg-in süni intellekt əsaslı çatbotlar üçün valideyn nəzarətinə qarşı çıxdığı iddia olunur. Bu məlumatlar ABŞ-nin New Mexico Attorney General's Office tərəfindən əldə edilən daxili yazışmaların açıqlanmasından sonra üzə çıxıb. Reuters-in xəbərinə görə, Meta daxilində iki əməkdaş arasında aparılan yazışmada qeyd olunub ki, şirkət daxilində GenAI funksiyasının valideyn nəzarəti ilə söndürülməsi üçün ciddi təkliflər verilsə də, süni intellekt rəhbərliyi bu ideyaya qarşı çıxıb və bunun Zuckerberg-in şəxsi qərarı olduğu bildirilib.
Hazırda Nyu-Meksiko ştatı Meta-ya qarşı məhkəmə iddiası qaldırıb. İddiada bildirilir ki, şirkət uşaqlara yönəlmiş zərərli məzmunun və uyğun olmayan təkliflərin qarşısını almaqda uğursuz olub. Məhkəmə prosesinin fevral ayında başlaması planlaşdırılır. Bütün bu hadisələrə baxmayaraq, Meta yalnız ötən həftə yeniyetmələrin çatbotlara girişini müvəqqəti dayandırıb. Şirkət bildirib ki, hazırda valideyn nəzarəti mexanizmləri hazırlanır. Baxmayaraq ki, bu funksiya əvvəllər Zuckerberg tərəfindən qəbul edilməmişdi.
Qeyd edək ki, Nyu-Meksiko 2024-cü ilin dekabrında da Meta-nı azyaşlıların böyüklər tərəfindən təqibindən qorumaqda uğursuz olmaqda ittiham etmişdi. Həmin iş üzrə açıqlanan daxili sənədlərə əsasən, Meta platformalarında gündəlik təxminən 100 min uşaq istifadəçi onlayn təqibə məruz qalırdı.
Paylaş