
Hər il 10.000-dən çox gəncin iştirak etdiyi beynəlxalq IT çempionatı “Qızıl Bayt” artıq 10-cu dəfədir təşkil olunur. İkinci dəfə bu yarışda təmsil olunma şansını qazanan Azərbaycan, yarışın ilkin mərhələsində qlobal yarışda ölkəmizi təmsil edəcək komandaları axtarır.
20.000$-lıq uduş fonduna malik olan bu yarışda hər il Ukrayna, Belorusiya, Qazaxstan, Rumıniya, Slovakiya, Bolqarıstan və Moldovadan komandalar iştirak edir. Keçən il Azərbaycanın da iştirak etidyi bu tədbir, ölkəmiz üçün kifayət qədər uğurlu alındı. Ukraynada yarışan komandalarımız 2 qızıl və 2 bürünc medalla vətənə qayıtdılar.
“Create The World” mövzulu bu dəfəki yarışda iştirak etmək üçün komandalar 3 mərhələdən keçməlidir. İlkin olaraq Azərbaycanda keçirilən lokal seçim mərhələsində iştirak etmək üçün goldenbyte.org saytında layihənizi qeydiyyatdan keçirməniz lazımdır. 15 Mart 2018-ci il tarixə qədər siz öz layihənizin müraciət prosesini tamamlamalısınız.
Qeydiyyat üçün son tarix - 15 mart 2018 il
İlk turun nəticələri - 20 Mart 2018-ci il
Regional seçim turları - 20 mart - 16 aprel 2018
Beynəlxalq final - 19-20 may
Mart ayında ikinci mərhələ üçün seçilmiş layihələr Azərbaycan finalında öz təqdimatlarını edəcəklər. Müəyyən olunmuş nominasiyalar üzrə lokal seçim mərhələsinin qalibləri, ölkəni təmsil etmək üçün qlobal finala yollanacaqlar. Qeyd edək ki, bu prosedurda iştirak və səfərlə bağlı yaranan bütün xərclər təşkilatçılar tərəfindən qarşılanlır. Sayca üçüncü və final mərhələsi Ukraynanın Kiyev şəhərində baş tutur və 2 gün davam edir. Bu dəfə “Golden Byte” yarışı aşağıdakı nominasiyalar üzrə elan edilir:
• Startup Challenge – proqram lahiyələri müsabiqəsi.
• Networking Technologies – sistem inzibatçıları nominasiyası.
• Mobile Development – mobil proqramlar müsabiqəsi.
• Game Design – oyun yaratma müsabiqəsi.
• Character Design – oyun personajlarının yaradılması üzrə müsabiqə.
• Web Design – web-lahiyələr müsabiqəsi.
• Short Movie – qısa film müsabiqəsi.
• NoSQL Expert – məlumat bazaları ilə iş üçün proqram konkursu.
• Junior Competition – 10-17 yaşlı məktəblilər müsabiqəsi.
Yarışın yekununda təyin olunmuş nominasiyalar üzrə qaliblər elan olunur və yarış üçün nəzərdə tutulmuş uduş fondu olan 20.000$ dəyərində mükafatlar qaliblər arasında bölünür. 10 ölkənin, 10.000 nəfərin və 3000 layihənin qoşulduğu bu tədbir Step IT Akademiyası tərəfindən təşkil olunur. Yarışın final mərhələsində layihələri IT və startap sahəsində tanınmış mütəxəssislər dəyərləndirir. Keçən il Azərbaycanın ilk dəfə qatıldığı bu tədbirdə ölkəmizi 6 nominasiya üzrə 6 komanda təmsil etdi. “Web Project” nominasiyası üzrə yarışan E-tap.az layihəsi sözügedən nominasiya üzrə yekun finalda 1-ci yerə layiq görüldü. “Character Design” nominasiyası üzrə isə Vaqif Rüstəmov ən yaxşı xarakteri canlandıran şəxs oldu və qızıl medal qazandı. “Team Safety” və “Team Java Jet” komandaları isə uyğun olaraq IOT və Startup Challenge nominasiyaları üzrə 3-cü yeri tuta bildilər. Qeyd edək ki, qaliblərdən biri Step IT Akademiyasında təhsil alan tələbə idi. 6 komanda ilə təmsil olunan Azərbaycan keçən il yarışda effektiv çıxış edən ölkələrdən olmağı bacardı.
Əgər sizin də qeyd olunan nominasiyalar üzrə layihəniz, ideyanız, bacarığınız varsa, ən əsası tələbəsinizsə ölkəmizi qlobal arenada təmsil etmək, geniş IT netvörkünə çıxış əldə etmək və ən əsası əsas mükafatı qazanmaq üçün öz layihənizlə goldenbyte.org saytından qeydiyyatdan keçə bilərsiniz.
Qeydiyyat zamanı əsas tələb sizin hal hazırda tələbə olmağınız və nominasiyalara uyğun layihə təklif etməyinizdir.
Bu yarışda iştirak etməklə əldə edəcəksiniz:
- IT dünyasını fəth etmək üçün gözəl imkan
- Dünyaca məşhur şirkətlərin nümayəndələri və investorlar önündə öz layihənizi təqdim etmək imkanı
- Uğurlu startapçılarla və özün kimi insanlarla tanışlıq imkanı
"Golden Byte” çempionatının ideya müəllifi və təşkilatçısı Dmitriy Korçevski: "Biz "GoldenByte” çempionatını ona görə yaratdıq ki, istedadlı gəncləri xoş bir məqsəd ətrafına toplayaq – bilik və texnologiyaların köməyi ilə dünyanı dəyişmək, insanlara fayda gətirəcək innovasiya yaratmaq. Əminliklə deyə bilərik ki, biz buna nail ola bildikı! Doqquz ildir ki, ardıcıl olaraq, tələbələrin müsabiqədə iştirak etmələri üçün əvvəlcə layihələr yaratdıqlarının, sonra isə öz ideyalarını startaplara çevirərək, həyata keçirmələrinin şahidi oluruq. Bu çox gözəldir!”
Keçən ilin qalib layihələri haqqında buradan ətraflı məlumat əldə edə bilərsiniz.
Ətraflı məlumat və qeydiyyat üçün yarışın rəsmi saytı olan goldenbyte.org-u ziyarət edin.
Şərh yoxdur