Dubay mərkəzli yerli startap 'Buglance' bugünə qədər toplamda 200.000$ investisiya yüksəldib

13.03.2018 0 PAYLAŞIM 2217 OXUNMA

    Hələ ilin əvvəlində Dubay mərkəzli yerli startap olan Buglance -ın Softmills -dən investisiya aldığı xəbərini bölüşmüşdük. Lakin ilkin məlumatlarda investisiyanın məbləği tam olaraq açıqlanmırdı. Əldə etdiyimiz məlumatlara əsasən Buglance hələ keçən il toplamda 200.000 dollar investisiya cəlb edib. Startapın təsisçisi Toğrul Səməd -in sözlərinə görə, layihəyə hələ ilkin ideya mərhələsində "proof-of-concept"in hazırlanması üçün mələk investor tərəfindən 15.000$ məbləğində investisiya yatırılmışdı. Tətbiqin ilkin beta versiyasının yaradılması üçün isə layihəyə təsisçinin dostu tərəfindən 50.000$ investisiya cəlb edilib. Biz buna kiçik sahibkarlıqda "family and friends investment" deyirik. Yəni, layihənin hələ toxum mərhələsində ailə və dostlar tərəfindən maliyyələşməsi. Görünən odur ki, Buglance -ın ilkin maliyyə cəlb etməsi bu tip investisiya növünə əsaslanırdı. 

    Daha sonra Dubayda şirkətləşən yerli startap, investisiya turunun növbəti mərhələsində Dubay mərkəzli Softmills şirkətindən 100.000$ məbləğində investisiya cəlbini həyata keçirərək 2017 -ci ilə yekun vurub. Hələ bu mərhələyə qədər təsisçi, öz şəxsi büdcəsindən əlavə 35.000$ daha layihəyə yatırım edib. Toplamda 2017 -ci il ərzində 200.000 dollarıq həcmdə investisiya yüksəldən şirkət, 2018 -ci ildə tam sürəti ilə yoluna davam edir. Layihə rəhbərinin sözlərinə görə, əgər onlar keçən ilin 4-cü rübünə qədər yalnız Azərbaycan və Türkiyədən olan müştərilər ilə işləyirdilərsə, artıq 2017 -ci ilin son rübündən etibarən gözlər Rusiya bazarına çevrildi və əsas hədəflərdən biri olaraq həmin bazar seçildi.

    Bir ay əvvəl artıq platformanın iOS ƏS -li cihazlar üçün hazırlanan tətbiqi də App Store -da yerini alıb. Layihə rəhbəri açıqlamasında bu il sonuna qədər artıq digər bazarlara da girmək fikirlərinin olduğunu bildirib. Burada söhbət, Latın Amerikası, Çin və Asiyanın bəzi böyük marketlərindən gedir. ABŞ isə əsas hədəf olaraq hələ də qalmaqdadır. Buglance mütəxəsisləri düşünür ki, onlar məhsulu tam hazırladıqdan və kifayət qədər "tester" (sınaqçı) sayına çatdıqdan sonra, adı çəkilən əsas bazara daxil olacaqlar.

Buglance -ın hansı problemi həll etməsi və necə başlaması haqqında Toğrul Səməd aşağıdakı açıqlamaları verib:

 "   "Crowdtesting" (kütlə tərəfindən olan test) formatlı testdən istifadə edən servis ideyası tamamilə təsadüfən yaranıb. Belə ki, ideya Fatal Fight (Google Play-də 5 milyondan çox yüklənən və App Store-da “Ən yaxşı yeni oyun” adına layiq görülmüş mobil oyun) adlı məşhur mobil oyundakı "bug" hesabına yaranıb. Həmin vaxtda mən və mənim Tor Games adlı komandam Fatal Fight-dan əlavə bir neçə mobil tətbiq də yaratmışdıq. Biz öz layihələrimizi keyfiyyətin daimi idarəsi və istifadəçilərin rəyləri hesabına inkişaf etdirirdik. Məhz həmin anda biz anladıq ki, bizim ən böyük baş ağrımız məhsulun test edilməsidir.

     Mobil tətbiqlərin test servisinin yaradılmasına təkan verən əsas səbəb isə Fatal Fight oyunundakı "bug" olmuşdu. Kiçik lakin zərərli səhv yalnız Samsung Galaxy Tab 2 planşetində yaranırdı. Bu planşetin istifadəçiləri isə Google Play -də mənfi rəylər bildirirdilər. Biz həmin bug -ı tapa bilmirdik. Həmin kiçik səhv bizim sahib olduğumuz cihazlarda yaranmırdı. Dostlar arasında Galaxy Tab 2 planşetinin axtarışı da uğursuz olmuşdur. Belə ki, həmin vaxtda bu planşetin istehsalı artıq dayandırılmışdı və o məşhur deyildi. Nəticədə mən 200$ dəyərində işlədilmiş Galaxy Tab 2 almalı oldum. Sonunda biz həmin bug -ı aradan qaldırdıq. Elə, həmin vaxt biz yeni bir servisin yaradılması qərarını verdik.

    Məlum oldu ki, bu çox yayılmış problemdir. Proqramçılar testlərə o qədər də çox diqqət ayırmırlar, bəziləri isə bunu ümumiyyətlə bacarmır. 2016-cı ilin sonunda mənim artıq hazır ideyam var idi: Biz, proqramçı və ya tətbiq sahibinin testdə iştirak edəcək cihaz modellərini seçərək ona səhvlərin təyin olunmasını imkanını verən servis yaradırıq. Heç bir abunəlik haqqı yoxdur. Müştəri yalnız testdə iştirak etmiş şəxs tərəfindən tapılan bug-lara görə vəsait ödəyir. Bu halda test qiyməti aşağı düşür.

Bu necə mümkündür? İzah edim.

    Əgər siz sürətli və ucuz şəkildə müəyyən sayda cihazlarda mobil tətbiqi test etmək imkanını verən servis axtarışına cəhd etsəniz, çox təəccüblənəcəksiniz. Belə ki, bu seqmentdə qiymətlər heç də humanistliyə sığmır. Çox güman ki, sizə individual qərar deyil, təyin olunmuş və ya abunəçilik qiyməti təklif edəcəklər. Ortalama 300-5000$. Test işi ilə məşğul olan ştat işçisi imkanını heç də hər kəs özünə yarada bilmir. Təbii ki, onların xidmətlərinin dünya üzrə ortalama qiymətləri Amerikadakı tariflərdən (ABŞ-da bu cür mütəxəssis hər ay 5000-10.000$-a başa gələcək) uzaq olsa da yenə də çoxdur. Bununla belə testdə iştirak edən şəxs çox güman ki, tək başına problemi həll edə bilməyəcək. Burda həmçinin digər vacib nüansı da qeyd etmək lazımdır. Söhbət təchizat qiymətindən gedir. Mütəxəssislər mobil tətbiqləri bazarda olan 30-40 məşhur cihazdan daha çoxunda test etməyi məsləhət görürlər. Bu isə minimum 8000-10.000$ deməkdir. Həmçinin mobil cihazlar bazarının mütəmadi yenilənməsini də unutmaq lazım deyil. İdeal vəziyyətdə əldə olan cihazların 1/3 hissəsini hər rüb yeniləmək lazımdır.

     Bütün bunları hesablayandan sonra biz qərara gəldik ki, bu cür servis üçün ən optimal format crowdtesting olacaq. 7/24 rejimində moderator, müştərilər arasındakı vasitəçi və bütün dünyadan olan test iştirakçıları rollarını isə dəstək şöbəsi yerinə yetirəcək. Biz həmçinin qərar verdik ki, bizim servisimiz müştəriyə sınaqçını (ingilis dilində tester) müəyyən kriteriyalara (mobil cihazın dəqiq modeli, əməliyyat sistemi, ölkə, dil) görə seçməkdə yardımçı olacaq. Bundan əlavə müştəri sınaqçının tapacağı bug növünü də (orfoqrafik səhvlər, tərcümə səhvləri, təhlükəsizlik problemləri, vizual səhvlər, usability problemləri, ciddi zədələnmələr) təyin etmək imkanına sahib olmalıdır. Test nəticəsinə əsasən müştəri hər bir səhvin ətraflı izahını, təyin olunmuş bug-ın, bu və ya digər səhvə gətirib çıxaran ardıcıllığı özündə əks etdirən təsvirləri əldə edir. Test işi ilə məşğul olan insanların qlobal cəmiyyətinə daxil olmaq çox asandır.

    Buglance mobil tətbiqini  (iOS) yükləyirsiniz və qeydiyyatdan keçirsiniz. Bu qədər. Bir neçə dəqiqə və siz artıq bug-ların tapılmasına başlaya bilərsiniz. Səhvin səviyyəsindən asılı olaraq onlardan hər birinə görə biz testdə iştirak edən şəxsə 70 sentdən 3.5$-a kimi vəsait təyin edirik. Əldə olunmuş vəsaiti isə PayPal, WebMoney və ya bank hesabına köçürülmə vasitəsilə çıxarmaq olar.    Komanda ilə bəxtim gətirib. 15 illik sahibkarlıq təcrübəsi ideyadan ilhamlanmış və demək olar ki, bütün sutka ərzində çalışmağa hazır yüksək təcrübəli mütəxəssislərin tapılmasında mənə yardımçı oldu. Hal hazırda Buglance-ın komandasına 7 proqramçı, 3 sınaqçı və dizayner daxildir. Bizim mərkəzi ofisimiz Dubayda yerləşir. Həmçinin Bakıda regional ofisimiz də var. Həm müştəri həmdə sınaqçı tərəfdən olan bütün sualların 7/24 rejimində həll olunması üçün nəzərdə tutulmuş dəstək şöbəsi 4 nəfərdən ibarətdir. Lakin indidən aydındır ki, layihənin inkişafı yolunda şöbə də böyüyəcək. Müştərilərin axtarışı üçün biz LinkedIn -dən, sınaqçıların axtarışı üçün isə Facebook reklamından istifadə edirik. Ümumilikdə isə Buglance ilə olan halda ən yaxşı variant birbaşa satışlardır. 2017-ci ilin Yanvar-Mart aylarında biz müştərilər üçün MVP və web-interfeys yaratdıq. Bundan sonra biz tələbatı qiymətləndirə bildik. Start mərhələsində bütün tapılmış səhvlər müştəriyə 1$-a başa gəlirdi. Biz sadəcə olaraq ideyanın çalışdığına əmin olmaq istəyirdik. İndi isə bug-ın qiyməti 1-50$ təşkil edir. Hər şey qəlizlikdən, səhvin növündən və ölkədən asılıdır. Heç sirr deyil ki, müxtəlif ölkələrdə əmək müxtəlif şəkildə qiymətləndirilir. "