main-post-cover

    Məsləhətli App #14: 'TooFun' - Yerli bazara 'tufan' kimi daxil olan tətbiq

    06.10.2017
    Farid Pardashunas
        Əyləncə və alış-veriş, həyatımızın ayrılmaz bir hissəsidir. Demək olar ki, hamımızın övladlarımız, ailəmiz və dostlarımızla vaxt keçirmək, birlikdə alış-verişə getmək kimi vərdişlərimiz var. Belə bir şəraitdə bu aktivliklərimizi səmərəli şəkildə keçirmək üçün 2 əsas amil var. Birincisi vaxt, ikincisi pul. Əslində, elə ilk cümlələrimizdən söhbətin nədən getdiyi haqda sizdə ilkin təsəvvür formalaşdı. Bu dəfə ki, tətbiq icmalımız son günlərdə məşhurluq qazanan "TooFun" mobil tətbiqi haqqındadır.  
         'TooFun' tətbiqi, brendlərin endrimlərini, xüsusi təkliflərini və kampaniyalarını kateqoriyalaşdırılmış şəkildə son istifadəçiyə təqdim edən platformadır. Tətbiqin köməyi ilə, siz, Azərbaycanda olan məşhur brendlərin, mağazaların, əyləncə mərkəzlərinin, idman zallarının, müştəriləri üçün elan etdiyi kampaniyaları xüsusi təklifləri izləyə bilərsiniz. Tətbiqin yaratdığı əsas dəyər, bütün endirim və təkliflərin vahid platformada asan filtrləmə ilə cəmləməsidir. Qısa olaraq şərh etsək, cəmi bir neçə toxunuşla siz, bazarda olan məşhur təklifləri nəzərdən keçirə bilərsiniz. Nəticədə həm zamana, həm də endirim və xüsusi təkliflərlə büdcəyə qənaət etmiş olacaqsınız.
        Tətbiqin əsas üstünlükləri və bugünə qədər bazarda olan digər bu tipli platformalardan fərqləndirici cəhəti, aktual təkliflərinkampaniyaların olmasıdır. Yəni, tətbiqi istifadə etməklə, həqiqətən gözə görünən bir fayda əldə etmək mümkündür. Məsələn, digər platformalardan fərqli olaraq heç vaxt qarşınıza çıxmayan hər hansı bir X restoranından təklif yox, birbaşa ölkənin məşhur brendləri və hər zaman getdiyiniz məkanlardan təkliflər alırsınız. 650-dən çox brendin təkliflərinin yer aldığı bu platformada 1000-dən artıq aksiya yerləşdirilib.
        Tətbiqi maraqlı edən digər detallardan biri də geolokasiyaya görə təkliflərin təqdim olunmasıdır. Bu funksiyanın köməyilə siz, olduğunuz yerdə tətbiqi işə salmaqla ətrafda olan məkanların təkliflərindən faydalana bilərsiniz. Bu da sizə, həm vaxta qənaət etməyə, həm də daha sərfəli təklifi dəyərləndirməyə fürsət yaradacaq. Digər bir əlavə ilə isə tətbiqdə filtrləmə aparmaq mümkündür. Tarixə, teqlərə və bölmələrə görə aksiya və endirimləri filtrasiya edib, dəyərləndirə bilərsiniz. 
        Həm iOS həm Android platformaları üçün Azərbaycan və Rus dillərində təqdim olunan tətbiq, UI/UX baxımından da istifadəçi üçün yaxşı bir dizaynda təqdim olunub. Tətbiqi yükləməklə siz, önünüzə çıxacaq ikinci ekran pəncərəsi ilə aksiyalarla tanış ola bilərsiniz. Yəni, tətbiqdə qeydiyyatdan keçmək vacib şərt olaraq qoyulmur. Daimi və uzun müddətli istifadəçilər üçün isə şəxsi profil yaratmaq və asan qeydiyyatdan keçmək kimi imkanlar yaradılıb. 
        Endirim yaxud aksiya səhifəsinə keçid edən istifadəçi, brend üçün ayrılan sahədə endirimin tətbiq olunduğu tarixi, ətraflı məlumatı, təklifdirsə təklifin qiymətini, əlaqə nömrəsini və məkanın yerləşdiyi ünvanı görə bilir. Tətbiqdə yaradılan imkanlar sayəsində bir toxunuşla məkana zəng edə, yaxud xəritədə yerini rahatlıqla tapa bilərsiniz. Təbii ki, təklifi bəyənmək və dostlarınızla paylaşmaq üçün də imkanlar nəzərə alınıb.
        Tətbiqin ana səhifəsində olan 4 əsas bölmə sizə imkan verir ki, gündəmdə olan əsas təklifləri anında dəyərləndirəsiniz. Əsas səhifədə bütün aktivliklərlə tanış olduğunuz halda, Təkliflər bölməsində sizi, brendlərin cəlbedici səhər yeməyi, biznes-lanç və bu kimi müxtəlif cəlbedici təklifləri gözləyir. Afişa bölməsi isə əsasən film və əyləncə həvəskarları üçündür. Bu bölmədə sinema salonlarından tutmuş, müxtəlif parti və sərgi təkliflərini görə bilərsiniz. İzlədiklərim hissəsində isə maraqlarınıza uyğun olan sahələri seçib, daimi olaraq izləmə apara bilərsiniz.
        Yekun olaraq dəyərləndirsək, "TooFun" özlüyündə istifadəçi üçün lazım olan əsas xidmətləri təklif edir. Əsas məsələ isə tətbiqin tamamilə pulsuz olmasıdır. Xüsusilə yaxın ərazidə olan məkanların xüsusi təkliflərinin göstərilməsi funksiyası bizim ən xoşumuza gələn özəllik oldu deyə bilərik. Qeyd etdiyimiz kimi, təkliflərin, şəhərin əsas məkan və brendləri tərəfindən təqdim olunması, tətbiqi daha da istifadəyə yararlı edir. İlkin olaraq yerli bazar üçün təqdim olunan bu tətbiqi siz də test edib, dəyərləndirmək istəyirsinizsə həm Android, həmdə iOSplatforması üçün yerləşdirdiyimiz linklər vasitəsilə yükləyə bilərsiniz. Ətraflı məlumat üçün isə tətbiqin rəsmi saytını ziyarət edə bilərsiniz. Fikirlərinizi bizimlə bölüşməyi unutmayın.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər