main-post-cover

    Tesla şirkəti Nikola startapını Semi yük maşınının dizaynının oğurlanmasında günahlandırıb

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    25.09.2020
    Emil Nəcəfov
        ABŞ-ın Nikola adlı startapının fəaliyyətində çətin mərhələlər başlayıb. Hələ bir neçə müddət bundan öncə startapın səhmdarlarından biri onu insanları aldatmaqda ittiham etmişdi və bu məsələdə inandırıcı sübutlar təqdim etmişdi. Bu səbəbdən startapın yaradıcısı Trevor Milton şirkətdən ayrıldı. Şirkətin bazar dəyəri isə düşməkdə davam edir. Lakin görünür, problemlər bununla bitməyib. Belə ki, məhkəmə prosesi nəticəsində məlum olub ki, Nikola şirkəti Tesla-nın patent hüquqlarını pozub. Bu barədə Wccftech saytı xəbər verib.
        Bu ilin əvvəlində Nikola şirkəti Tesla-nı məhkəməyə vermişdi. Məhkəmə iddiasında bildirilmişdi ki, Tesla Semi yük maşınının yaradılması zamanı Tesla şirkəti Nikola One yük maşınının dizaynını oğurlayıb. Nikola şirkəti bildirmişdi ki, Elon Musk-ın şirkəti Nikola One yük maşınının salonunun, qabaq şüşəsinin və qapılarının dizaynlarını oğurlayıb. Nəticədə Nikola şirkəti Tesla-dan 2 milyard dollar təzminat tələb edirdi. Bir çoxları bu cür məhkəmə iddiasına skeptik yanaşmışdılar. Belə ki, Nikola One-da reallaşdırılmış dizayn artıq uzun illərdir ki, istifadə olunur.
        Buna görə də Tesla bildirmişdi ki, ona yönəldilmiş ittihamlar əsassızdırlar. İndi isə Tesla hüquqşünasları bildiriblər ki, Nikola One yük maşınının yaradılması zamanı əslində Nikola şirkəti Tesla-nın patentləşdirilmiş dizaynından istifadə edib. Nikola təmsilçiləri bu məsələyə heç bir şərh verməyiblər. Nikola və Tesla arasındakı məhkəmə prosesinin nə ilə bitəcəyi məlum deyil. Lakin mütəxəssislər Nikola şirkəti barəsində heç də optimistik proqnozlar vermirlər. Son 1 həftə ərzində Nikola-nın səhmlərinin qiymətləri 45% aşağı düşüb.
    Linki kopyala