Logo
    42AI insan qərarlarını proqnozlaşdıran süni intellekt modeli hazırlayıb

    42AI insan qərarlarını proqnozlaşdıran süni intellekt modeli hazırlayıb

        “42AI” insanın yeni şəraitdə hansı qərarı verəcəyini əvvəlcədən hesablamağa çalışan davranış modeli hazırlayıb. İsrail startapı gizli iş rejimindən çıxıb və 62,5 milyon dollar (təxminən 106,3 milyon manat) toxum, yəni ilkin investisiya topladığını açıqlayıb. Sistem hazırda bir neçə maliyyə brokerində sınaqdan keçirilir. Məqsəd bazar kəskin dəyişəndə hər treyderin necə davranacağını hesablamaqdır.
        “42AI” yalnız keçmiş hərəkətlərə baxmır, insanın qərarlarının arxasındakı meyilləri də ölçməyə çalışır. Model müştərinin kimliyinin yoxlanması (KYC), qeydiyyat, dəstək zəngləri, pul köçürmələri, səhm alışı və satışı zamanı toplanan məlumatları araşdırır. Danışıq tonu, zənglərin sayı, əməliyyatların vaxtı və bazardakı vəziyyət də nəzərə alınır. Məlumatlar arasındakı əlaqəni öyrənmək üçün “transformer” adlı süni intellekt modelindən yararlanılır. Başqa bir dil modeli də proqnozların izahını hazırlayır.
        Model 3 il ərzində psixologiya, neyroelm və genetika araşdırmalarından yararlanaraq hazırlanıb. Komanda əvvəlcə minlərlə insanı psixoloji testlər və müxtəlif davranış ssenariləri ilə öyrənib. Daha sonra 2 milyondan çox insanı əhatə edən dövlət və biobank məlumatları sistemə əlavə olunub. Müştərilərlə bağlı məlumatların əhatəsi təxminən 30 milyon nəfərə çatıb. “42AI” şəxsiyyəti müəyyənləşdirən məlumatlara ehtiyac olmadığını deyir. Bununla belə, sistem bir-biri ilə əlaqəli hərəkətlərə əsasən hər insan üçün ayrıca davranış profili yaradır.
        “42AI” bazar əməliyyatları üzrə proqnozlarının 98% dəqiq olduğunu iddia edir. Ancaq bu, sistemin hər əməliyyatı düzgün tapması demək deyil. Göstərici ümumi ticarət axınının proqnozlaşdırılan aralığa düşməsini ifadə edir. Əməliyyatların istiqaməti və həcmi üzrə F1 göstəricisi 0,8 - 0,85 arasındadır. Bu ölçü düzgün nəticələrlə yanlış siqnallar arasındakı tarazlığı göstərir. Dost və ya həmkar məsləhəti kimi sistemin görə bilmədiyi amillər proqnozların dəqiqliyini azalda bilər.
        Şirkət hazırda 10 iri brokerlə işləyir. Brokerlər platformadan pul axınını, əlavə vəsait tələblərini və riskdən qorunma əməliyyatlarını idarə etmək üçün yararlanırlar. Müştərilər sabit ödəniş edir və ya platformanın yaratdığı əlavə dəyərin müəyyən faizini ödəyirlər. “42AI” gəlirinin 7 rəqəmli olduğunu deyir. Şirkətin məlumatına görə, brokerlərdən biri riskləri daha çevik idarə etməklə təxminən 30 milyon dollar (51 milyon manat) əlavə dəyər qazanıb. 62,5 milyon dollarlıq maliyyə 3 il ərzində təsisçilərdən və “Infinity Group”dan gəlib. Yəni vəsaitin hamısı xarici investorlar tərəfindən yatırılmayıb.
        Maliyyə sektorundan sonra “42AI” modeli oyun, fırıldaqçılığın qarşısının alınması və kibertəhlükəsizlik sahələrinə uyğunlaşdırmağı araşdırır. Uzunmüddətli planda sistem robotların və süni intellekt agentlərinin insanları daha yaxşı anlaması üçün işlədiləcək. Bunun üçün modelə hər sahənin qaydaları və şəraiti ayrıca öyrədilməlidir. Digər tərəfdən, brokerlərin müştəri davranışı barədə məlumatlardan öz xeyirlərinə yararlanması riski var. Şirkət qaydalara, nəzarətə və daxili etika komitəsinə istinad etsə də, yanlış istifadənin qarşısını alacaq konkret mexanizmi açıqlamayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...