main-post-cover

    Ingenuity dronu Mars atmosferində ikinci uçuş missiyasını uğurla reallaşdırıb

    Süni İntellekt
    23.04.2021
    Emil Nəcəfov
        NASA agentliyi Mars səthində olan Ingenuity dron aparatının növbəti uğurlu uçuş prosesini reallaşdırdığını elan edib. Bu dəfə dronun qarşısına daha qəliz tapşırıq qoyulmuşdu. Belə ki, o, Mars səthindən daha yüksək hündürlüyə qalxmalı və kənar istiqamətdə bir qədər məsafə qətt etməli idi. Nəticədə dron NASA mütəxəssislərinin tapşırıqlarını uğurla yerinə yetirib. Mütəxəssislər isə ikinci uçuş prosesinə aid fotohesabatı təqdim ediblər. Bu dəfə Ingenuity dronu Mars səthindən 4.9 metr hündürlüyə qalxıb və atmosferdə 52 saniyə qalıb. Uçuş zamanı dron 5 dərəcə bucaq altında əyilərək 2.1 metr kənar istiqamətə uçuş edib və daha sonra geri qayıdaraq start nöqtəsinə enib.
        NASA-nın təqdim etdiyi fotohesabatda dronun naviqasiya kamerası və Perseverance aparatında yerləşən kamera vasitəsilə çəkilmiş fotolar əks olunublar. Dronun naviqasiya kamerası vsitəsilə çəkilmiş ağ-qara fotodan da görmək olar ki, uçuş zamanı dronun kölgəsi Mars sətinə düşüb. NASA gələn həftə daha 3 uçuş prosesini reallaşdırmağı planlaşdırır. Mütəxəssislər qeyd ediblər ki, Ingenuity-nin yardılmasında əsas məqsəd dronun Mars atmosferində testlərini reallaşdırmaqdır. Belə ki, Yer kürəsindən fərqli olaraq Marsın atmosfer sıxlığı 1%-dən azdır. Sözügedən dronun imkanlarını analiz edərək əldə olunmuş məlumatları NASA mütəxəssisləri gələcəkdəki uçuş aparatlarının hazırlnmasında nəzərə alacaqlar.
    Linki kopyala