main-post-cover

    ABŞ-da vəkillərdən biri məhkəmədə ChatGPT-nin uydurulmuş məlumatlarından istifadə edib

    Süni İntellekt
    29.05.2023
    Emil Nəcəfov
        Süni zəka əsaslı çat-botlar istifadəçilər arasında məşhur olsalar da, onlar çox zaman uydurulmuş məlumatları həqiqəti əks etdirən faktlar kimi təqdim edirlər. Bu isə istifadəçilərdə müvafiq mövzular üzrə səhv fikirlərin yaranmasına səbəb olur. Süni zəka əsaslı çat-botların bu özəlliklərindən Levidow, Levidow & Oberman adlı hüquq şirkətinin vəkili Steven Schwartz da zərər çəkib. Belə ki, Steven Schwartz öz müştərisi Roberto Mata-nın məhkəmə işində ChatGPT çat-botundan istifadə edib. Vəkilin müştərisi Avianca adlı aviaşirkətə qarşı məhkəmə iddiası qaldırıb. Səbəb isə 2019-cu ildə baş vermiş uçuş zamanı Mata-nın təyyarə daxilindəki servis arabası ilə toqquşması nəticəsində əldə etmiş xəsarətlər olub.
        Mata bildirib ki, hadisə aviaşirkət əməkdaşlarının məsuliyyətsizlikləri nəticəsində baş verib. Levidow, Levidow & Oberman hüquq şirkətinin Nyu-Yorkda 30 ilə yaxındır vəkil praktikası üçün lisenziyaya sahib vəkili Steven Schwartz buna bənzər daha əvvəlki məhkəmə prosesləri barəsində ətraflı məlumatların yığılması istiqamətində ChatGPT-dən istifadə edib. Belə ki, buna bənzər daha əvvəlki məhkəmə proseslərinin nəticələri Schwartz-ın müştərisi Mata-nın haqlı olduğunu sübut edə bilərdilər. Məlum olub ki, ChatGPT vəkilə tamamilə uydurulmuş faktları təqdim edib. İndi Schwartz öz vəkillik lisenziyasını itirmə təhlükəsi ilə qarşı-qarşıya qalıb.
        Avianca aviaşirkətinin maraqlarını qoruyan Condon & Forsyth hüquq şirkətinin vəkilləri aprel ayının sonunda məhkəmə hakimi Kevin Castel-ə məktub göndərmişdilər və həmin məktubda onlar Steven Schwartz tərəfindən təqdim edilmiş daha əvvəlki oxşar məhkəmə proseslərinə şübhə ilə yanaşdıqlarını qeyd etmişdilər. Aparılmış yoxlanışdan sonra məhkəmə hakimi qeyd edib ki, Schwartz-ın təqdim etmiş olduğu daha əvvəlki məhkəmə proseslərindən 6-sı fiktiv sitatlara sahib fiktiv məhkəmə qərarlarına bənzəyirlər. Steven Schwartz öz növbəsində ChatGPT-dən istifadə edərək vəziyyətin bu hala gəlməsindən məyus olduğunu qeyd edib və gələcəkdə bu cür məlumatları detallı şəkildə yoxlamamış onlardan istifadə etməyəcəyinə söz verib.
    Linki kopyala