
ABŞ hökuməti ChatGPT tərzində olan süni zəka sistemlərini nizamlamağı planlaşdırır
Süni İntellekt
12.04.2023
Emil
ABŞ hökuməti cinayətlərin yerinə yetirilməsi və fake məlumatların yayılmasında ChatGPT tərzində olan süni zəka əsaslı çat-botlardan kütləvi şəkildə istifadə edilməsindən narahatlıq keçirdir. Bu səbəbdən də ABŞ prezidenti Joe Biden-in administrasiyası süni zəka əsasında yaradılmış sistemlərin fəaliyyətlərinin məhdudlaşdırılması və bazara yalnız sertifikatlaşdırılmış çat-botların istifadəyə verilməsi məsələsində nizamlayıcı orqanlarla müzakirələr aparır. ABŞ Ticarət Nazirliyinin tərkibində fəaliyyət göstərən Milli Telekommunikasiya və İnformasiya İdarəsi “cavabdehlik tədbirləri” adlı rəsmi sorğu göndərib.
Göndərilmiş sorğu özündə potensial təhlükəyə sahib süni zəka modellərinin bazara təqdim olunmamışdan öncə sertifikatlaşdırmadan keçib-keçməmələri məsələsini birləşdirir. “Bu texnologiyaların hətta öz inkişaflarının başlanğıc mərhələlərində nələrə qadir olduqlarını görmək heyrətləndiricidir. Biz, həmin texnologiyaların məsuliyyətli şəkildə istifadə edildiklərindən əmin olmaq üçün lazımi məhdudiyyətləri təyin etməli olduğumuzu bilirik” - deyə Milli Telekommunikasiya və İnformasiya İdarəsinin rəhbəri qeyd edib. Məlumatda qeyd edilib ki, süni zəkanın nizamlanması barəsində təkliflər yaxın 60 gün ərzində qəbul ediləcək. Qəbul ediləcək təkliflər əsasında Milli Telekommunikasiya və İnformasiya İdarəsi amerikalı məmurların bu növ texnologiyalara necə yanaşmalı olduqları üzrə məsləhətlər tərtib edəcək.
Paylaş
Bənzər xəbərlər