
ABŞ hökuməti süni intellekt əsaslı çat-botların təhlükəsizlikləri ilə bağlı istintaqa başlayıb
Süni İntellekt
12.09.2025
Emil
ABŞ Federal Ticarət Komissiyası (FTC) uşaqlara və yeniyetmələrə süni intellektin mənfi təsir göstərə biləcəyini araşdırmaq məqsədilə Alphabet, Meta, OpenAI, xAI və Snap da daxil olmaqla 7 böyük texnologiya şirkətinə qarşı istintaq başladıb. Tənzimləyici orqan bu şirkətləri insan ünsiyyətini və şəxslərarası münasibətləri təqlid edə bilən çat-botlara tətbiq edilən təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat təqdim etməyə məcbur edən qərarlar qəbul edib. Xüsusilə, FTC şirkətlərin süni intellekt köməkçiləri ilə bağlı riskləri necə qiymətləndirdikləri, istifadəçi iştirakı ilə bağlı monetizasiya mexanizmlərini necə qurduqları, virtual personajları necə hazırlayıb təsdiqlədikləri, şəxsi məlumatlardan necə istifadə və ya ötürmə həyata keçirdikləri, həmçinin mümkün zərəri azaltmaq üçün hansı nəzarət üsullarından istifadə etdikləri ilə maraqlanır.

FTC rəhbəri Andrew Ferguson vurğulayıb ki, uşaqların internetdə qorunması qurum üçün hələ də əsas prioritet olaraq qalır və bu, iqtisadiyyatın kritik sektorlarında innovasiyaların dəstəklənməsi ilə yanaşı həyata keçirilir. Şirkətlərin reaksiyası müxtəlif olub. Meta CNBC-yə şərh verməkdən imtina edib, Alphabet, Snap və xAI isə hələlik sorğulara cavab verməyiblər. OpenAI nümayəndəsi CNBC-yə müsahibəsində bildirib ki, şirkətin prioriteti ChatGPT-nin bütün istifadəçilər, xüsusilə də gənclər üçün eyni zamanda həm faydalı, həm də təhlükəsiz olmasını təmin etməkdir və OpenAI tənzimləyici orqanla açıq əməkdaşlığa hazırdır. Yoxlanılanlar siyahısına həmçinin Character Technologies (Character.ai çat-botunun yaradıcısı) və Meta-ya məxsus Instagram da daxildir.

FTC-nin bu mövzuya xüsusi diqqəti son hadisələrlə bağlıdır. Belə ki, Reuters-in araşdırmasından sonra senator Josh Hawley Meta ilə bağlı yoxlama başladıb: reportaj göstərib ki, onun çat-botları uşaqlarla təhlükəli söhbətlər apara bilirdi. Buna cavab olaraq Meta öz süni intellekt sistemləri üçün qaydaları müvəqqəti olaraq sərtləşdirib, intihar, özünə zərər vurma və qidalanma pozuntuları ilə bağlı mövzuların müzakirəsini qadağan edib, həmçinin “hissiyyatlı” dialoqları məhdudlaşdırıb. Oxşar tədbirlər OpenAI tərəfindən də görülür: şirkət, yeniyetmənin ölümündə çat-botu dolayı yolla ittiham edən ailənin iddiasından sonra ChatGPT-nin işini yenidən nəzərdən keçirdiyini açıqlayıb.
Paylaş