Logo
    main-post-cover

    ABŞ İT şirkətləri süni intellekt səbəbilə yeni işçi qəbulunu dayandırırlar

         Böyük texnologiya şirkətləri, o cümlədən Intel, IBM Google, vəzifələri süni intellekt vasitəsilə avtomatlaşdırmağa yönələrək müvəqqəti olaraq işçi qəbulunu dayandırırlar. Analitiklər proqnozlaşdırırlar ki, yaxın 5 ildə süni intellekt sahədə məşğulluq strukturunu dəyişəcək. ABŞ texnologiya şirkətləri insan resursları siyasətlərini fəal şəkildə yenidən qurur və üstünlüyü süni intellektə verirlər. Ştatı genişləndirmək əvəzinə, işə qəbul prosesini dondururlar, gözləyirlər ki, süni intellekt yaxın illərdə bəzi funksiyaları öz üzərinə götürəcək. Intel, IBM və Google kütləvi işçi qəbulunu müvəqqəti dayandırıblar.
         Səbəb - iş proseslərini süni intellekt vasitəsilə avtomatlaşdırmaq planlarıdır. Fortune-un məlumatına görə, şirkətlər süni intellektə investisiya üçün resursları azad etmək məqsədilə minlərlə vəzifəni ixtisar edirlər. IBM-in baş direktoru Arvind Krishna bildirib ki, süni intellekt bir neçə il ərzində şirkətdəki backend vəzifələrinin 30%-ə qədərini əvəz edə bilər. Burada söhbət yalnız birbaşa ixtisardan deyil, həm də rolların yenidən bölüşdürülməsindən gedir. Məsələn, rutin vəzifələr avtomatlaşdırılacaq, süni intellektin hazırlanması və tətbiqi üzrə mütəxəssislərə tələbat isə artacaq.
         Trendlər yalnız bu 3 nəhəng şirkətlə məhdudlaşmır. Dünya İqtisadi Forumunun araşdırması göstərir ki, dünya üzrə işəgötürənlərin 41%-i avtomatlaşdırma səbəbindən ixtisarlar planlaşdırır. Bununla belə, yeni texnologiyalar süni intellektlə işləmə bacarıqları və strateji idarəetmə tələb edən digər vakansiyalar yaradacaq. Mütəxəssislər qeyd edirlər ki, əmək bazarı kəskin dəyişikliklərlə üzləşib. Bəzi peşələr köhnəlir, digərləri isə yaranır və işçilər üçün adaptasiya əsas amilə çevrilir. Şirkətlər isə yenilikləri tətbiq etməklə sosial məsuliyyət arasında tarazlıq tapmağa məcburdurlar.
    Paylaş