ABŞ məhkəməsi OpenAI-a “Cameo” adından istifadəni qadağan etdi
Süni İntellekt
18.02.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, ABŞ-nin Şimali Kaliforniya üzrə federal dairə məhkəməsi “Cameo” adlı məşhurlardan fərdi video mesajlar sifariş etməyə imkan verən platformanın xeyrinə qərar çıxarıb və OpenAI-a bu adı məhsul və funksiyalarında istifadə etməyi qadağan edib.
Məhkəmə qərarına əsasən, OpenAI “Cameo” adını özünün süni intellekt əsaslı video generasiya tətbiqi Sora 2-də istifadə edirdi. Bu funksiyanın köməyi ilə istifadəçilər öz rəqəmsal obrazlarını AI tərəfindən yaradılmış videolara daxil edə bilirdilər. Hakim qərarında bildirib ki, “Cameo” adının istifadəsi istifadəçilərdə çaşqınlıq yarada bilər və OpenAI-ın “bu söz sadəcə təsviri xarakter daşıyır” arqumenti qəbul edilməyib. Qərarda qeyd olunub ki, ad funksiyanı birbaşa təsvir etmir, daha çox ona işarə edir.
Qeyd edək ki, noyabr ayında məhkəmə müvəqqəti məhdudlaşdırıcı qərar çıxararaq OpenAI-a “Cameo” sözündən istifadəni dayandırmağı tapşırmışdı. Bundan sonra şirkət funksiyanın adını “Characters” olaraq dəyişib. Cameo şirkətinin baş direktoru Steven Galanis qərarı mühüm qələbə kimi dəyərləndirib. O bildirib ki, şirkət təxminən on ildir yaradıcılar üçün etibarlı və şəffaf platforma qurur və “Cameo” brendinin qorunması onların bazar mövqeyi üçün həyati əhəmiyyət daşıyır. OpenAI isə Reuters-ə açıqlamasında qərarla razılaşmadığını və “cameo” sözünün eksklüziv şəkildə bir şirkətə məxsus ola bilməyəcəyi mövqeyində qaldığını bildirib.
Paylaş