Logo
    main-post-cover

    Adobe Firefly yeniləndi

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Adobe süni intellekt əsaslı Firefly tətbiqinə əhəmiyyətli yeniliklər gətirib. Şirkət Firefly-a mətn əsaslı video redaktə funksiyası əlavə edib və eyni zamanda üçüncü tərəf modellərin siyahısını genişləndirib. Yeni dəstəklənən modellər arasında Black Forest Labs-in FLUX.2 və Topaz Labs-in Astra modelləri də yer alır.
    Adobe Firefly now su
        İndiyə qədər Firefly yalnız mətn vasitəsilə video generasiyasını dəstəkləyirdi və videonun hər hansı hissəsi istifadəçini qane etmədikdə, bütün klipi yenidən yaratmaq lazım gəlirdi. Yeni video redaktor isə istifadəçilərə mətn əmrləri ilə videodakı obyektləri, rəngləri, işıqlandırmanı və kamera bucaqlarını dəqiq şəkildə dəyişməyə imkan verir. Bununla yanaşı, əlavə edilən zaman xətti (timeline) görünüşü kadrların, səslərin və digər parametrlərin daha rahat tənzimlənməsini təmin edir. Adobe bu video redaktoru ilk dəfə oktyabr ayında məhdud sayda istifadəçi üçün test rejimində təqdim etmişdi. İndi isə funksiya bütün istifadəçilər üçün əlçatan olur.
        Yeniliklər bununla da bitmir. Topaz Labs-in Astra modeli videoların 1080p və ya 4K keyfiyyətinə qədər yüksəldilməsini (upscale) dəstəkləyir. Black Forest Labs-in FLUX.2 şəkil generasiya modeli isə Firefly platformasında dərhal istifadəyə veriləcək. Adobe Express istifadəçiləri bu modeldən 2026-cı ilin yanvar ayından etibarən yararlana biləcəklər. Bundan əlavə, tətbiqə birgə işləmək üçün nəzərdə tutulan “collaborative boards” funksiyası da əlavə olunur.
        Rəqabətin artdığı bir dövrdə Adobe Firefly-a marağı artırmaq məqsədilə müvəqqəti kampaniya da elan edib. Firefly Pro, Firefly Premium, eləcə də 7 min və 50 min kreditlik paketlərə abunə olan istifadəçilər yanvarın 15-dək bütün şəkil modelləri və Adobe Firefly Video modeli üzrə limitsiz generasiya imkanından yararlana biləcəklər.
    Paylaş