Logo
    main-post-cover

    Adobe kamera tətbiqinə generativ AI funksiyaları əlavə etdi

        Adobe ötən il iPhone istifadəçiləri üçün təqdim etdiyi və DSLR kameralarına bənzər daha təbii görüntülər yaratmağı hədəfləyən eksperimental Project Indigo kamera tətbiqini yeni generativ süni intellekt funksiyaları ilə yeniləyib. 1.1 versiyası ilə təqdim olunan AI Playground bölməsi istifadəçilərə fotoları süni intellekt vasitəsilə redaktə etmək, obyektləri silmək, müxtəlif vizual üslublar tətbiq etmək və hətta çəkilişlə bağlı tövsiyələr almaq imkanı yaradır. Adobe bildirir ki, AI Playground hələlik eksperimental xüsusiyyət kimi təqdim olunur. İstifadəçilər istəsələr bu funksiyaları söndürərək tətbiqdən əvvəlki kimi istifadə edə bilərlər. Hazırda yenilik məhdud sayda istifadəçi üçün pulsuz şəkildə sınaqdan keçirilir və Adobe gələcəkdə onun ödənişli versiyasını təqdim edə biləcəyini istisna etmir.
    Adobe's 'natural look' camera app embraces generative AI | The Verge
        Yeni AI Playground dörd əsas bölmədən ibarətdir:
    • Styles – fotolara süni intellekt əsaslı hazır vizual effektlər və müxtəlif bədii üslublar tətbiq edir.
    • Object Editing – fotolardakı insanları və ya istənməyən obyektləri silərək boş qalan hissələri generativ AI vasitəsilə doldurur.
    • Photo Guidance – çəkilmiş fotonu analiz edərək kompozisiya və keyfiyyət baxımından istifadəçiyə məsləhətlər verir.
    • Custom Edit – istifadəçinin yazdığı mətn əsasında fotoda daha detallı dəyişikliklər etməyə imkan yaradır.
        Maraqlısı isə odur ki, Adobe bu yeniləmədə özünün Firefly modelindən deyil, Google-un Nano Banana adlı generativ süni intellekt modelindən istifadə edir. Şirkət gələcəkdə başqa AI modellərinin də tətbiqə inteqrasiya oluna biləcəyini açıqlayıb. Project Indigo ilk təqdim olunduqda əsas diqqət hesablama fotoqrafiyası texnologiyalarına, manual kamera idarəetmələrinə (ISO, fokus, ağ balansı, örtücü sürəti və s.) və smartfon fotolarını DSLR görüntüsünə yaxınlaşdırmağa yönəlmişdi. Yeni AI imkanları isə tətbiqi artıq kamera və foto redaktəsini bir araya gətirən daha geniş platformaya çevirir.
    Paylaş