Adobe Photoshop üçün süni intellekt köməkçisini istifadəyə verdi
Süni İntellekt
10.03.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Adobe şirkəti Photoshop proqramı üçün hazırladığı süni intellekt köməkçisinin beta versiyasını rəsmi olaraq istifadəyə təqdim etdiyini açıqlayıb. Yeni funksiya artıq veb versiyada və mobil tətbiqlərdə istifadəçilər üçün əlçatan olur. Bununla yanaşı, şirkət media yaradılması və redaktəsi platforması olan Firefly alətinə də yeni AI əsaslı görüntü redaktə imkanları əlavə edib.
Adobe bu AI köməkçisini ilk dəfə ötən ilin oktyabr ayında keçirilən MAX tədbirində təqdim etmişdi. İndi isə mərhələli şəkildə istifadəçilərə açılan sistem şəkillər üzərində dəyişiklikləri sadə mətn əmrləri vasitəsilə həyata keçirməyə imkan verir. İstifadəçilər AI-dan obyekt və ya insanları silməyi, rəngləri dəyişməyi, işıqlandırmanı tənzimləməyi, kölgələri gücləndirməyi, şəkli müəyyən formatda kəsməyi və ya fonu tamamilə fərqli görünüşə çevirməyi istəyə bilirlər.
Şirkətin bildirdiyinə görə, Photoshop-un ödənişli istifadəçiləri aprelin 9-dək AI köməkçisi vasitəsilə limitsiz generasiya edə biləcəklər. Pulsuz istifadəçilərə isə başlanğıc üçün 20 generasiya imkanı təqdim olunur.
Yeniliklər arasında hazırda ictimai beta mərhələsində olan AI Markup funksiyası da yer alır. Bu xüsusiyyət istifadəçilərə ekranda sadə işarələr və ya eskizlər çəkməyə, daha sonra isə AI vasitəsilə həmin elementləri dəyişdirməyə imkan verir. Məsələn, istifadəçi bir obyektin üzərini işarələyərək onun silinməsini və ya fonun avtomatik şəkildə yenilənməsini təmin edə bilər.
Paylaş