
Ağciyərlərdəki şişləri həkimlərdən daha dəqiq təyin edən süni zəka hazırlanıb
Süni İntellekt
04.07.2025
Emil
Alimlər şişin dəqiq ölçüsünü və sərhədlərini müəyyən edə bilən süni zəka alqoritmi hazırlayıblar. Bu, müalicənin seçilməsi və təyini üçün əsas amillərdən biridir. Araşdırmalar göstərib ki, süni zəka onkoloqların gözdən qaçırdıqları yerlərdə belə xərçəng əlamətlərini aşkar edə bilir. iSeg adlı bu süni zəka alqoritmini Şimal-Qərb Universitetinin komandası hazırlayıb. iSeg-in yaradılmasının əsas məqsədi həkimlərə xərçəng müalicəsinin dəqiqliyini artırmağa imkan verən bir vasitə təqdim etmək idi. Məsələn, şüa terapiyasını təyin etmək üçün həkimlər şişin ölçüsünü və yerləşməsini bilməlidirlər ki, uyğun dozanı müəyyən etsinlər.

Dəqiqlik burada olduqca vacibdir. Bir tərəfdən bütün xərçəng hüceyrələri məhv edilməli, digər tərəfdən isə sağlam toxumalara minimum zərər vurulmalıdır. Digər bir çox süni zəka kimi, iSeg də şişin müəyyən olunması üçün KT (kompüter tomoqrafiyası) görüntülərindən istifadə edir. Lakin bu yeni alqoritm ilk dəfə olaraq hər nəfəs aldıqda hərəkət edən şişləri dinamik şəkildə seqmentləşdirir. Nəticədə, şişin sərhədləri daha dəqiq şəkildə görüntülənir.

ABŞ-ın 9 klinikasında həkimlərlə müqayisədə aparılan iSeg testləri süni zəkanın daha yüksək dəqiqlik göstərdiyini ortaya qoyub. “Müalicə olunmadıqda, həkimlərin gözdən qaçırdığı nahiyələr xəstələr üçün mənfi nəticələrlə əlaqəli olurdu” - deyə tədqiqat müəllifləri bildiriblər. Hazırda alimlər iSeg-in xəstəxana şəraitində testlərini davam etdirirlər və texnologiyanı digər şiş növlərinin - məsələn, qaraciyər, beyin və prostat xərçənginin - aşkarlanmasına uyğunlaşdırırlar. Bundan əlavə, iSeg-in MRT və PET kimi digər vizualizasiya üsullarına da uyğunlaşdırılması planlaşdırılır.
Paylaş