AI 2025-ci ildə ABŞ-də 55 min iş yerinin itirilməsinə səbəb olub
Süni İntellekt
24.12.2025
Sevinc
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, 2025-ci il ABŞ-də işçilər üçün xüsusilə çətin keçib və bu vəziyyətdə süni intellektin rolu az olmayıb. CNBC-nin konsaltinq şirkəti Challenger, Gray & Christmas-ə istinadən yaydığı hesabatına görə, təkcə 2025-ci ildə süni intellekt səbəbilə ABŞ-də təxminən 55 min nəfər işini itirib. Ümumilikdə isə ölkə üzrə 1,17 milyon iş yeri bağlanıb ki, bu da 2020-ci ildəki COVID-19 pandemiyasından sonra qeydə alınan ən yüksək göstəricidir. Hesabata əsasən, yalnız noyabr ayında 71 min nəfər işdən çıxarılıb və onların 6 mini (təxminən 9 faizi) birbaşa süni intellekt texnologiyalarının tətbiqi ilə əlaqələndirilir.
Süni intellektlə bağlı ixtisarlar müxtəlif yaş qruplarını və vəzifələri əhatə etsə də, xüsusilə gənc və yeni karyeraya başlayan işçilər üçün vəziyyət daha çətindir. Amazon və Walmart kimi iri şirkətlərdə AI əsaslı avtomatlaşdırma təkcə ixtisarlarla deyil, eyni zamanda işə qəbulun dondurulması ilə nəticələnib. Wolfe Research-in baş iqtisadçısı Stephanie Roth bildirib ki, gənclər arasında artan işsizlik birbaşa olaraq süni intellektin yüksəlişi ilə bağlı ola bilər. Onun sözlərinə görə, problem təkcə AI-ın bu işləri görməsi deyil, şirkətlərin gələcək istiqamətə dair qeyri-müəyyənlik səbəbilə gənc işçiləri işə götürməkdən çəkinməsidir.
Bütün hallarda, 2025-ci il ABŞ-də əmək bazarı üçün ağır il olub və süni intellekt bu prosesdə az rol oynamayıb.
Paylaş