AI bumunun davamı Nvidia-nın nəticələrindən asılıdır
Süni İntellekt
24.02.2026
Ilhama
Nvidia son illərdə süni intellekt bazarının simvoluna çevrilib. Generativ AI modellərinin sürətlə yayılması ilə şirkətin GPU-ları həm iri miqyaslı model təlimi, həm də real vaxtda işləyən AI infrastrukturunun əsasını təşkil edib. Technote.az “TNW” platformasına istinadən bildirir ki, bu dominant mövqe Nvidia səhmlərinin 2022–2025-ci illər arasında 1500 %-dən çox artmasına səbəb olub və şirkəti tarixdə ən dəyərli texnologiya nəhənglərindən birinə çevirib. Lakin indi bazar yalnız gəlirin artıb-artmamasına yox, AI bumunun davamlı olub-olmayacağına fokuslanır.
Analitiklər Nvidia-nın IV rübdə təxminən 65–66 milyard dollar gəlir və 75 %-ə yaxın tənzimlənmiş ümumi marja açıqlayacağını proqnozlaşdırırlar. Bu göstəricilər əsasən bulud provayderləri və “hyperscaler” şirkətlərin AI üçün yüksək performanslı çiplərə davam edən tələbi ilə bağlıdır. Şirkət artıq ardıcıl olaraq bir neçə rübdür gözləntiləri üstələyir. Amma investorların psixologiyası dəyişib. Artıq sual “nə qədər artım var?” deyil, “bu artım nə qədər davam edəcək?” sualıdır.
Meta və Google kimi texnologiya nəhəngləri artıq öz xüsusi AI çiplərini hazırlayır və ya alternativ həllərə investisiya yatırırlar. Məqsəd xərcləri azaltmaq, müəyyən iş yüklərinə optimallaşdırılmış həllər qurmaq və Nvidia-dan strateji asılılığı azaltmaqdır. Bu addımlar qısa müddətdə Nvidia satışlarını zəiflətməsə də, uzunmüddətli perspektivdə rəqabətin artacağına işarə edir. AI infrastrukturunun böyük hissəsinin bir şirkətin arxitekturasına bağlı olması investorlar üçün əlavə risk deməkdir.
2026-cı ilin ilk həftələrində Nvidia səhmləri əvvəlki illərlə müqayisədə daha sabit hərəkət edib. Bəzi analitiklər bunu investorların artıq hekayəyə deyil, real gəlirlilik və tətbiq nəticələrinə fokuslanması ilə izah edirlər. Bazarda “AI köpüyü” ilə bağlı narahatlıqlar da var. Yəni AI şirkətlərinin dəyərləndirilməsi real iqtisadi əsaslardan daha sürətli arta bilər. Bu narahatlıqlar investorların davamlılıq və ROI məsələlərinə daha həssas yanaşmasına səbəb olub.
Paylaş