AI ilə hazırlanan hər video artıq YouTube-da gəlir gətirməyəcək
Süni İntellekt
21.07.2026
Sevinj
YouTube platforması süni intellektdən istifadə edərək hazırlanan videoları tamamilə qadağan etməsə də, hansı növ məzmunların gəlir əldə etmək hüququnu itirə biləcəyini daha dəqiq izah edib. Şirkətin 16 iyul tarixində yayımlanan Inside YouTube podkastında Matt Halprin bildirib ki, platforma süni intellekti yaradıcı alət kimi istifadə edən müəlliflərlə, AI vasitəsilə kütləvi şəkildə təkrarlanan məzmun istehsal edən kanalları bir-birindən fərqləndirir. Belə ki, üç növ məzmun kanalın monetizasiya proqramına uyğun hesab edilməyə bilər. İlk kateqoriyaya demək olar ki, bir-birinin eyni olan və təkrarlanan videolar daxildir. Məsələn, yalnız personajların adı, hadisə yeri və ya şəkilləri dəyişdirilən AI hekayələri, eyni məlumatları fərqli formada təqdim edən slayd-şoular, mətn videoları, animasiyalar və ya təkrar xarakterli təlim videoları bu qrupa aid edilir.
Şirkət vurğulayır ki, müəlliflərin hər dəfə tamamilə yeni format yaratması tələb olunmur. Əsas şərt odur ki, hər video izləyiciyə yeni məlumat, fərqli izah, yeni hekayə və ya əlavə dəyər təqdim etsin. Sadəcə əvvəlki məzmunun cüzi dəyişikliklə yenidən paylaşılması kifayət hesab edilmir. İkinci kateqoriyaya isə YouTube-un "qeyri-qənaətbəxş və ya narahatedici" adlandırdığı məzmun daxildir. Bu tip videolar əsasən qorxuducu görüntülərdən, şokedici kadr və başlıqlardan və ya emosional manipulyasiyadan istifadə edərək izləyicinin diqqətini cəlb etməyə çalışır, lakin əslində ciddi məlumat və ya məzmun təqdim etmir. YouTube bununla platformada keyfiyyətsiz, təkrarlanan və yalnız baxış toplamağa hesablanmış AI məzmununun yayılmasının qarşısını almağı hədəfləyir. Şirkət bildirir ki, süni intellekt yaradıcıların işini asanlaşdıran vasitə kimi istifadə oluna bilər, lakin izləyiciyə real dəyər təqdim etməyən kütləvi məzmun istehsalı monetizasiya üçün uyğun sayılmayacaq.
Paylaş