Logo
    main-post-cover

    Airbnb CEO-su Brian Chesky süni intellekt laboratoriyası yaratmağa hazırlaşır

        Airbnb-nin baş direktoru Brian Chesky yeni süni intellekt laboratoriyası yaratmağı planlaşdırır. Bloomberg-in yaydığı məlumata görə, layihə artıq formalaşma mərhələsindədir və məlumat Airbnb-yə yaxın mənbələr tərəfindən də təsdiqlənib. Maraqlıdır ki, Chesky uzun illərdir OpenAI rəhbəri Sam Altman ilə yaxın münasibətlərə malikdir. Onlar ilk dəfə 2006-cı ildə Y Combinator proqramı vasitəsilə tanış olublar. Sonrakı illərdə isə Chesky OpenAI-ın sürətli inkişaf dövründə Altmanla mütəmadi görüşərək ona böyük texnologiya şirkətinin idarə olunması ilə bağlı tövsiyələr verib.
    Brian Chesky, chief executive officer and co-founder of Airbnb Inc., speaks during an Economic Club of New York luncheon at the New York Stock Exchange
        2023-cü ildə OpenAI idarə heyətinin Sam Altman-ı vəzifəsindən uzaqlaşdırdığı dövrdə də Brian Chesky onun geri qayıtması üçün ən fəal dəstək verən texnologiya liderlərindən biri olmuşdu. O, həm ictimaiyyətlə əlaqələr sahəsində məsləhətlər vermiş, həm də Silikon Vadisində Altman-ın lehinə dəstək toplamağa kömək etmişdi. Görünür, Chesky artıq yalnız müşahidəçi və məsləhətçi olmaq niyyətində deyil. Yeni AI laboratoriyası ilə o, dolayı yolla OpenAI və digər aparıcı süni intellekt şirkətləri ilə rəqabətə qoşula bilər. Hazırda laboratoriyanın hansı istiqamətdə fəaliyyət göstərəcəyi açıqlanmayıb. Bloomberg-in məlumatına görə, layihənin əsas diqqət mərkəzi istifadəçi təcrübəsi, interfeys dizaynı və insan-kompüter qarşılıqlı əlaqəsi ola bilər. Bu isə Chesky-nin Airbnb-də illərdir önəm verdiyi sahələrlə üst-üstə düşür.
        Qeyd edək ki, Airbnb artıq proqram təminatının hazırlanmasında süni intellekt alətlərindən istifadə edir. Bununla belə, Brian Chesky ötən il bildirmişdi ki, şirkət hələlik hər hansı böyük dil modeli (LLM) təminatçısı ilə tərəfdaşlıq etməyib. Onun sözlərinə görə, mövcud AI məhsulları hələ tam hazır səviyyəyə çatmayıb. Məlumata əsasən, Chesky yeni laboratoriyanın gündəlik fəaliyyətinə rəhbərlik etməyəcək və Airbnb-nin baş direktoru vəzifəsində qalacaq. Layihəyə ayrıca rəhbər təyin olunacaq. Airbnb və Brian Chesky məsələ ilə bağlı rəsmi şərh verməkdən imtina ediblər.
    Paylaş