Logo
    main-post-cover

    Airbnb: Yeni yazılan kodların 60%-ni artıq süni intellekt hazırlayır

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Airbnb 2026-cı ilin ilk rüb hesabatında şirkətdə süni intellekt texnologiyalarının artıq əsas iş proseslərinin vacib hissəsinə çevrildiyini açıqlayıb. Şirkətin rəhbəri Brian Chesky bildirib ki, son rübdə mühəndislər tərəfindən yazılan yeni kodların təxminən 60 %-i AI alətləri vasitəsilə hazırlanıb.
    Airbnb logo displayed on a phone screen laying on a map of Krakow
        Şirkət süni intellekti əsasən proqram təminatının hazırlanması, müştəri dəstəyi və axtarış sisteminin inkişafı üçün istifadə edir. Xüsusilə Airbnb platformasında evlərini müxtəlif proqramlar vasitəsilə idarə edən API tərəfdaşları üçün yeni alətlərin yaradılmasında AI şirkətə ciddi sürət qazandırıb. Brian Chesky-nin sözlərinə görə, əvvəllər böyük mühəndis komandası tələb edən bəzi işləri artıq bir nəfər AI agentlərinin köməyi ilə daha qısa müddətdə həyata keçirə bilir:
        “Əvvəllər 20 nəfərlik komandanın gördüyü işi indi bir mühəndis AI agentləri ilə nəzarət altında yerinə yetirə bilir.”
        Airbnb həmçinin süni intellekt əsaslı müştəri dəstəyini də genişləndirib. Şirkətin AI çatbotu artıq müraciətlərin 40 %-ni insan operatora yönləndirmədən həll edir. Bu göstərici ilin əvvəlində təxminən 33 % idi.
        Bununla yanaşı, Chesky hesab edir ki, süni intellekt hələ tam olaraq səyahət və e-ticarət sahəsinə uyğunlaşdırılmayıb. Onun fikrincə, mövcud AI çatbot interfeyslərinin bir neçə ciddi problemi var. Bunlara çox mətn əsaslı olması, vizual idarəetmənin zəifliyi, məhsul və seçimləri müqayisə etməyin çətinliyi, həmçinin səyahət planlamasının adətən bir neçə nəfərlə birlikdə aparılması daxildir.
     
    Paylaş