Alexa+ istifadəçilərə AI podkastlar təqdim edəcək
Süni İntellekt
21.05.2026
Sevinj
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Amazon süni intellektlə hazırlanmış podkast formatını təqdim edib. Şirkətin yenilənmiş AI köməkçisi Alexa+ üçün istifadəyə verilən “Alexa Podcasts” funksiyası istifadəçilərə istənilən mövzuda avtomatik yaradılan audio epizodlar təqdim edəcək. Bu epizodlarda isə mövzuları iki süni intellekt aparıcısı müzakirə edəcək.
Şirkətin açıqlamasına görə, istifadəçilər Alexa-dan gündəlik xəbərlər, idman nəticələri, film rəylərinin xülasəsi və digər mövzular barədə podkast hazırlamağı istəyə biləcəklər. Sistem həmçinin epizodun müddətini, danışıq üslubunu və hətta AI aparıcıların xarakterini seçməyə imkan verəcək. İstifadəçilər “Brief”, “Sweet”, “Chill” və “Sassy” kimi fərqli təqdimat üslublarından seçim edə biləcəklər.
Hazırlanan audio epizodlar daha sonra Echo cihazlarına və Alexa tətbiqinə göndəriləcək. Bununla belə, yeni funksiya texnologiya dünyasında müzakirələrə səbəb olub. Tənqidçilər hesab edir ki, bu addım podkast aparıcıları, redaktorlar və araşdırma komandalarının rolunu azaltmaqla internetdə artıq sürətlə yayılan “podslop”, yəni aşağı keyfiyyətli AI məzmunlarının artmasına səbəb ola bilər.
Məlumata görə, son dövrlərdə yüklənən podkastların təxminən 39 %-nin süni intellekt vasitəsilə hazırlandığı ehtimal edilir. Amazon isə Alexa Podcasts üçün məlumat bazasını 200-dən çox media qurumunun materialları ilə dəstəklədiyini bildirir. Bu mənbələr arasında Associated Press, Reuters, The Washington Post, TIME, Forbes, Business Insider və digər nəşrlər yer alır. Yeni sistem hazırda Prime abunəçiləri üçün nəzərdə tutulub və Amazon-un AI əsaslı məzmun ekosistemini daha da genişləndirmək strategiyasının bir hissəsi hesab olunur.
Paylaş