Logo
    main-post-cover

    Alibaba süni intellektə fokuslanmaq üçün oyun şirkətini satır

        Alibaba süni intellekt və bulud texnologiyalarına daha çox sərmayə yatırmaq üçün oyun biznesinin bir hissəsindən imtina edir. Şirkət Lingxi Games adlı oyun studiyasını Asiyanın özəl investisiya şirkəti Trustar Capital-a satır. Müqavilənin dəqiq məbləği açıqlanmasa da, müxtəlif mənbələr fərqli rəqəmlər göstərir. Reuters satışın dəyərinin 2 milyard dollardan çox olduğunu, Bloomberg isə 1,5 milyard dolları keçdiyini bildirir. Lingxi Games Alibaba üçün zərər edən biznes deyil. Əksinə, studiyanın ən uğurlu layihələrindən biri Yaponiyanın Koei Tecmo şirkəti ilə hazırlanan Three Kingdoms: Strategy Edition strategiya oyunudur və bu oyun şirkətə stabil gəlir gətirir.
    Alibaba sues U.S., seeking removal from Pentagon's blacklist - The Japan  Times
        Buna baxmayaraq, Alibaba rəhbərliyi gələcək strategiyasını əsasən süni intellekt və bulud xidmətləri üzərində qurur. Baş direktor Eddie Wu son dövrdə şirkətin əsas fəaliyyət istiqamətlərinə daxil olmayan biznesləri azaltmağa və resursları AI sahəsinə yönəltməyə çalışır. Alibaba xüsusilə özünün Qwen süni intellekt modellərinə və onları işlətmək üçün tələb olunan data mərkəzi infrastrukturuna böyük sərmayələr yatırır. Şirkətin qarşıdakı beş il ərzində süni intellektlə əlaqəli bizneslərdən 100 milyard dollar gəlir əldə etməyi hədəflədiyi bildirilir. Alibaba yaxın zamanda Qwen ailəsinin indiyədək ən güclü süni intellekt modelini də təqdim edib. Şirkət yeni modelinin bəzi göstəricilər üzrə Anthropic-in texnologiyaları ilə rəqabət apara bildiyini iddia edir.
        Lingxi Games-in satılması Alibaba-nın süni intellekt strategiyası üçün milyardlarla dollarlıq əlavə vəsait əldə etməsinə imkan verəcək. Eyni zamanda şirkət diqqətini oyun və əyləncə biznesindən uzaqlaşdıraraq AI, bulud infrastrukturu və əsas elektron ticarət fəaliyyətlərinə yönəldir. Xəbərin yayılmasından sonra Alibaba-nın Honq Konq birjasında ticarət olunan səhmləri təxminən 2,7 % bahalaşıb. Beləliklə, Alibaba gəlir gətirən oyun biznesini belə sataraq süni intellekti şirkətin gələcəyinin əsas istiqamətlərindən biri kimi seçdiyini göstərir.
    Paylaş