main-post-cover

    Alimlər erkən kainatın ilk qalaktikalarından birini kəşf ediblər

    Süni İntellekt
    17.07.2022
    Farid Pardashunas
        Tokio Universitetinin astronomları ALMA adlı yerüstü teleskop vasitəsilə Yer kürəsindən 13.3 milyard işıq ili uzaqlığında yerləşən kiçik ölçülü qalaktikanı kəşf ediblər. Kəşf edilmiş bu qalaktika erkən kainatdakı ilk qalaktikalardan biridir. Alimlər hətta onun öz oxu ətrafında fırlanma sürətini də hesablayıblar. Məlum olub ki, onun öz oxu ətrafında fırlanma sürəti Süd Yolu qalaktikasının öz oxu ətrafında fırlanma sürətindən daha aşağıdır. MACS1149-JD1 adını əldə etmiş sözügedən qalaktika Yer kürəsindən çox uzaq məsafədə yerləşir və aşağı parlaqlığa sahibdir. Nəticədə ondan gələn işığı teleskoplar vasitəsilə təyin etmək çox qəliz məsələdir. Lakin aimlər bu qalaktikadan gələn işığı qalaktikalar toplusu vasitəsilə aşkar ediblər. Belə ki, həmin qalaktikalar toplusu MACS1149-JD1-ə daha yaxın məsafədə yerləşir və nəticədə linza rolunu oynayaraq kəşf edilmiş qalaktikadan gələn işığı gücləndirib.
        Alimlərin sözlərinə əsasən MACS1149-JD1 qalaktikası kainatın 500 milyon il yaşı olanda artıq mövcud idi. Alimlər təyin ediblər ki, onun diametri cəmi 3000 işıq ili təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Süd Yolu qalaktikasının diametri 100 000 işıq ili təşkil edir. Kainatda mövcud olan bütün qalaktikalar öz oxları ətrafında yüksək sürətlə fırlanırlar. Məsələn bizim qalaktika saniyədə 200 km sürətlə fırlanır. Alimlərin hesablamalarına əsasən kəşf edilmiş MACS1149-JD1 adlı qalaktika öz oxu ətrafında saniyədə 50 km sürətlə fırlanır. Lakin müəyyən müddətdən sonra qalaktikaların öz oxları ətraflarında fırlanma sürətləri necə artır? Alimlər tərəfindən aparılmış yeni tədqiqat bu suala cavab verir.
        ‘Kəşf edilmiş bu yeni qalaktikanın fırlanma sürəti daha sonradan yaranmış məlum olan digər qalaktikaların fırlanma sürətlərindən daha aşağıdır. Biz düşünürük ki, bu yeni qalaktika öz təkamül prosesinin ilkin mərhələsindədir. Müvafiq olaraq onun öz oxu ətrafında fırlanma sürəti tədricən artır. Ola bilər ki, ilk əvvəl kiçik ölçülü qalaktikalar müəyyən müddət ərzində öz tərkiblərinə daha çox maddə yığırlar və milyardlarla il sonra daha sürətlə fırlanmağa başlayırlar” - deyə yapon alimlər qeyd ediblər. İndi isə alimlər James Webb kosmik teleskopu vasitəsilə bu və digər erkən qalaktikaları araşdırmağı planlaşdırırlar. Bunun sayəsində onlar qalaktikaların təkamülləri və onların fırlanma sürətlərindəki dəyişikliklər barəsində daha çox məlumatlar əldə edə biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər