main-post-cover

    Alimlər ikitərəfli kommunikasiyanın mümkün ola biləcəyi yadplanetli sivilizasiyaların sayını təxmin ediblər

    Süni İntellekt
    18.06.2020
    Emil Nəcəfov
        Nottingem Universitetinin alimlər komandası yadplanetli sivilizasiyanın mövcudluğu sualına yeni versiya ilə cavab verib. Digər planetlərdə şüurlu həyat formasının insan sivilizasiyası kimi inkişaf prosesindən keçdiyini ehtimal edərək alimlər kommunikasiyaya qadir yadplanetli sivilizasiyaların sayını təyin ediblər. Məlum olub ki, təkcə Süd Yolu qalaktikasında onların sayı 30-dan çoxdur və onların hamısı insana bənzərdirlər. Bu barədə Hightech.plus saytı xəbər verib. Yer kürəsindən kənarda ola biləcək şüurlu sivilizasiyaların saylarının qiymətləndirilməsi üzrə olan klassik üsul həyatın yaranması üçün lazım olan parametrlərin təxmini əhəmiyyət səviyyələrinə əsaslanır.

    Bu məsələdə 1961-ci ildə astronom Frank Drake tərəfindən təqdim edilmiş tənlik 7 faktor əsasında hazırlanıb və onlardan yalnız bəzilərini müşahidə etmək mümkündür.

        “Drake tənliyi əsasında əldə edilmiş nəticələrin göstəriciləri 0-dan bir neçə milyard arasında (yadplanetli sivilizasiyaların sayı) dəyişir. Bu, sözügedən suala konkret cavabın verilməsindən daha çox düşüncə üçün olan bir alətdir” - deyə Nottingem Universitetinin professoru bildirib. Nottingem Universitetinin alimlər komandasının bu mövzu ətrafında əldə etdikləri nəticələrdə konkret rəqəm qeyd edilib.
        “Əgər güman etsək ki, digər planetlərdə də həyat formasının inkişafı üçün Yer kürəsində olduğu kimi 5 milyard il lazımdır, deməli bizim qalaktikamızda minimum onlarla aktiv sivilizasiya mövcuddur. İdeyanın əsas məğzi təkamülə nəzər yetirməkdir. Lakin bu halda söhbət, kosmik miqyasda olan təkamüldən gedir. Biz bunu astrobioloji Kopernik sərhədinin hesablanması adlandırırıq” - deyə professorlardan biri qeyd edib. Korpernikin astrobioloji prinsipi (Nikolay Kopernik-in şərəfinə adlandırılıb) özündə həyat formasının yaranması üçün lazım olan bütün düzgün şərtləri birləşdirir. Kimyəvi reaksiyalardan tutmuş ulduzların yaranmalarına kimi.

    Bu halda əgər şüur təsadüfi və ya unikal şəkildə deyil məhz nizamlanmış proses nəticəsində yaranıbsa, güman etmək olar ki, Süd Yolu qalaktikasında şüurlu sivilizasiyaların sayı 4-dən 211-ə qədərdir.

        Həqiqətə uyğun ola biləcək göstərici isə 36-dır. Bundan əlavə olaraq alimlər qeyd ediblər ki, həmin yadplanetli sivilizasiyalar xarici görünüşcə insana bənzəyə bilərlər. Təbii ki, bu sadəcə bir nəzəriyyədir. Buna baxmayaraq yadplanetli sivilizasiyalar ilə kommunikasiya qurmaq mövzusunda sevinmək hələ tezdir. Bu tədqiqatıın müəllifləri qeyd ediblər ki, ikitərəfli kommunikasiyanın mümkün olması üçün biz hələ 6120 il mövcud olmalıyıq. Alimlərin hesablamalarına əsasən şüurlu sivilizasiyanın mövcud ola biləcəyi ən yaxın planet Yer kürəsindən 17.000 işıq ili uzaqlığında yerləşir.
    Linki kopyala