main-post-cover

    Alimlər ilk dəfə kosmik məkanda müstəqil şəkildə hərəkət edən qara dəlik aşkar ediblər

    Süni İntellekt
    07.02.2022
    Farid Pardashunas
        Adətən ulduz kütləli qara dəlikləri yalnız ikili ulduz sistemlərində aşkar etmək mümkündür. Lakin alimlər ilk dəfə olaraq kosmik məkanda müstəqil şəkildə hərəkət edən qara dəlik aşkar ediblər. Bundan əlavə olaraq onlar aşkar edilmiş bu qara dəliyin kütləsini və ölçüsünü təyin ediblər. Alimlərin fikirlərinə əsasən Süd Yolu qalaktikasında bu cür kosmik obyektlərin sayı çox ola bilər. İndiyənə kimi Süd Yolu qalaktikasında aşkar edilmiş ulduz kütləli qara dəliklər öz kosmik partnyorları ilə qravitasiya əlaqəsində olublar.
        Bu cür kosmik obyektlər qismində adətən neytron ulduzlar çıxış edirlər. Aparılmış tədqiqatlar nəticəsində alimlər təyin ediblər ki, kosmik məkanda müstəqil şəkildə hərəkət edən qara dəliyin kütləsi Günəşin kütləsindən təqrib olaraq 7.1 dəfə böyükdür və o, kosmik məkanda saatda 162.000 km sürətlə hərəkət edir. Sözügedən qara dəlik Yer kürəsindən təqribi olaraq 5150 işıq ili uzaqlığındadır.
        “Biz düşünürük ki, bizim qalaktikamızda ulduz kütləli 100 milyon qara dəlik mövcud ola bilər. Onların kütlələri Günəşin kütləsindən sadəcə bir neçə dəfə böyükdür. İndiyənə kimi bu cür qara dəlikləri onların kosmik partnyorları ilə olmuş qarşılıqlı əlaqə hesabına aşkar etmək mümkün olmuşdu. Biz ilk dəfə olaraq müstəqil şəkildə mövcud olan ulduz kütləli qara dəliyi aşkar etdik və bizim fikirlərimizə əsasən Süd Yolu qalaktikasında bu cür qara dəliklərin sayı daha çoxdur” - deyə alimlər qeyd ediblər.
        Alimlər bildiriblər ki, müstəqil şəkildə mövcud olan ulduz kütləli qara dəliyi Hubble teleskopu vasitəsilə aşkar etmək mümkün olub. Bunun üçün alimlər qravitasiya linzasından istifadə ediblər. Qravitasiya linzası dedikdə yüksək kütləli kosmik obyekt nəzərdə tutulur. Həmin obyekt öz qravitasiya gücü hesabına elektromaqnit şüalanmasını təhrif edir. Beləliklə aşkar edilmiş qara dəlik öz qravitasiya gücü hesabına fon ulduzlarının işıqlarını təhrif edib və alimlər bunun hesabına onu aşkar ediblər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər