main-post-cover

    Alimlər kosmosdan gələn və təkrarlanan ikinci radiosiqnalı qeydə alıblar

    Süni İntellekt
    10.06.2022
    Emil Nəcəfov
        Kosmosun dərinliklərindən ara-sıra gələn radiosiqnallar bir neçə millisaniyə ərzində baş verən radiotezlikli qısa şüalanmalardır. Bu cür siqnal ilk dəfə 2007-ci ildə qeydə alınmışdı. Sözügedən siqnalların sahib olduqları mənbələr barəsində hələ də bir yekun fikir yoxdur və bu məsələ ilə bağlı artıq uzun müddətdir ki, müzakirələr gedir. Lakin məlumata əsasən alimlər bu gizli siqnalların sirlərini açmağa addım-addım yaxınlaşırlar. FRB 20190520B adını əldə etmiş yeni radiosiqnal Çində yerləşən FAST adlı radioteleskop vasitəsilə qeydə alınıb. Daha sonra alimlər bu radiosiqnal ilə əlaqəli olan daha zəif və daimi radio şüalanmalar aşkar ediblər. Havay adalarında yerləşən Subaru adlı teleskop vasitəsilə aparılmış müşahidələr sayəsində alimlər təyin ediblər ki, bu yeni radiosiqnallar Yer kürəsindən 3 milyard işıq ili məsafəsində yerləşən cırtdan qalaktikadan gəlirlər.
        Alimlərin sözlərinə əsasən  FRB 20190520B adlı radiosiqnal daimi şüalanma mənbəyi ilə əlaqəli ikinci aşkar edilmiş daimi radiosiqnaldır. Buna bənzər ilk radiosiqnal isə 2012-ci qeydə alınmışdı. Alimlər həmin radiosiqnala FRB 121102 adını vermişdilər. Kaliforniya Texnologiya İnstutunun mütəxəssisi Casey Law-un sözlərinə əsasən qeydə alınmış yeni sürətli radiosiqnal 2012-ciildə qeydə alınmış radiosiqnala bənzəyir. İndi isə alimlər bu cür siqnalların mənbələrinin təkamülə məruz qalıb-qalmadıqlarını və radio tezlikli müxtəlif mənbələrin radiosiqnallar yarada bilib-bilmədiklərini öyrənməyə çalışırlar. “Bu məsələdə olan vacib suallardan biri də bütün FRB mənbələrinin təkrarlanan sürətli radiosiqnallar yarada bilib-bilməmələrindən ibarətdir. Mən düşünürəm ki, bütün FRB-lər ilkin olaraq təkrarlanan olurlar. Lakin müəyyən müddətdən sonra siqnalın mənbəyi “qocaldığı” üçün onun aktivliyi aşağı düşür” - deyə mütəxəssislərdən biri qeyd edib. Alimlər düşünürlər ki, FRB 20190520B adlı radiosiqnalın mənbəyi kosmik miqyas cəhətdən hələ cavandır. 
    Linki kopyala