main-post-cover

    Alimlər Mars planetinin daxili strukturunu öyrənə biliblər

    Süni İntellekt
    26.07.2021
    Emil Nəcəfov
        NASA özünün InSight missiyasının 2 illik işindən sonra Mars planetinin daxili strukturunu öyrənə bilib. Qeyd etmək lazımdır ki, NASA-nın InSight adlı seysmoqrafı Marsın daxili strukturunu və tərkibini 2018-ci ildən bəri analiz edir. Alimlər Marsın bərk nüvəyə sahib olub-olmadığını hələ bilməsələr də planetin 3 əsas layının ölçülərini təyin etməyi bacarıblar. “Yer kürəsindən fərqli olaraq Mars planeti tektonik plitələrə sahib deyil. Onun qabığı özü böyük bir plitə kimi çıxış edir. Lakin Mars qabığında süxurların parçalanması hələ davam edir” - deyə NASA mütəxəssisləri qeyd ediblər.
        Həmin parçalanmalar seysmik titrəyişlərə səbəb olur. InSight aparatı son 2 il ərzində 733 dəfə bu cür seysmik titrəyişləri təyin edib. Təyin edilmiş seysmik titrəyişlərdən 35 ən büyüyünü analiz edərək alimlər planetin daxilində dalğaların yayılma məsafələrini və sürətlərini hesablaya biliblər. Nəticədə onlar Marsın daxili strukturunu öyrəniblər. Alimlər aşkar ediblər ki, Yer kürəsi kimi Marsın daxili strukturu da 3 laydan ibarətdir: Qabıq, mantiya nüvə. Lakin onların ölçüləri ilə tərkibləri Yer kürəsininkindən tamamilə fərqlənirlər. Məsələn Mars planetinin qabığı (20-37 km) Yer kürəsinin qabığından daha nazikdir.
        Yer kürəsinin qabığının qalınlığı isə bəzi yerlərdə 100 km təşkil edir. Qabıqdan sonra mantiya təbəqəsi gəlir. O, 1560 km dərinliyə kimi uzanır. Mantiyadan sonra olan məkanı isə nüvə təşkil edir. Alimlər Marsın Yer kürəsi kimi daxili bərk nüvəyə sahib olub-olmadığını hələ bilmirlər. Lakin xarici nüvənin yalnız 2 il ərzində təyin edilməsi inanılmaz nəticədir. “Alimlər Yer kürəsinin nüvəsini ölçmək üçün yüzlərlə il vaxt sərf ediblər. “Apollo” missiyasından 40 il sonra alimlər Ayın nüvəsini ölçə biliblər. InSight aparatı isə Marsın nüvəsini ölçmək üçün 2 il vaxt sərf edib” - deyə alimlərdən biri qeyd edib.
    Linki kopyala