
Alimlər qalaktikamızın mərkəzində qeyri-adi obyektlər kəşf ediblər
Süni İntellekt
24.06.2023
Emil
3 il bundan öncə alimlər bizim qalaktikamızın mərkəzində 4 ədəd qeyri-adi obyekt kəşf etmişdilər. Kəşf edilmiş obyektlər qazdan və tozdan ibarət nəhəng ölçülü kosmik buludlar hesab edilsələr də, onlar özlərini ulduz kimi aparırdılar. Kəşf edilmiş qeyri-adi obyektlərə bənzəyən digər ikisi isə eyni kosmik sahədə 20 il bundan öncə aşkar edilmişdi. Alimlər həmin obyektlərə “G obyektləri” adını verdilər. Uzun illər ərzində aparılmış müşahidələr öz növbəsində sözügedən qeyri-adi obyektlərin təbiətləri ilə bağlı əsaslandırılmış fərziyyəni irəli sürməyə imkan veriblər. Nature jurnalında dərc edilmiş məqalədə alimlər G obyektlərinin ehtimal olunan təbiətlərinə aydınlıq gətirməyə çalışıblar. Ümumilikdə 6 ədəd obyektdən ikisi 2000-ci illərin əvvəllərində aşkar edilmişdi. Onlara G1 və G2 adları verilib.
G3, G4, G5 və G6 adlı obyektlər isə 2020-ci ildə kəş ediliblər. Onların hamısı bizim Süd Yolu qalaktikamızın mərkəzində yerləşirlər və qalaktikamızın mərkəzində olan Oxatan A* adlı yüksək kütləli qara dəliyin ətrafında dövr edirlər. İlk iki obyektin orbiti yerdə qalan dörd obyektin orbitindən fərqlənir. Belə ki, ilk iki obyektin orbiti dairəvi formaya bənzədiyi halda., digər dörd obyekt uzadılmış orbit üzrə hərəkət edir. Müşahidələrin ilk illərində belə bir fikir formalaşmışdı ki, G obyektləri qazdan və tozdan ibarət nəhəng ölçülü kosmik buludlardır. Lakin G2 adlı obyektin 2014-cü ildə maksimal məsafədə qara dəliyə yaxınlaşması və daha sonra ondan uzaqlaşması onu göstərdi ki, bu obyekt özünü kompakt ölçülü obyekt kimi aparıb.
Əgər həmin obyekt molekulyar qaz olsaydı, qara dəlik onu udaraq enerji ifraz edəcəkdi. Lakin bu, baş vermədi. Qara dəliyə yaxınlaşdıqca obyekt uzunsov forma əldə etdi və qara dəlikdən uzaqlaşan zaman öz əvvəlki formasına qayıtdı. Əldə edilmiş məlumatlardan alimlər belə qənaətə gəliblər ki, G2 obyekti iki ədəd böyük kütləli ulduzun daha öncə ikili ulduz sistemində birləşməsi nəticəsində ortaya çıxmış məhsul ola bilər. İki ulduz ikili ulduz sisteminin təkamül prosesi və ya yüksək kütləli qara dəliyin qravitasiya təsiri nəticəsində bir-biri ilə toqquşmuş ola bilər.
Oxatan A* adlı yüksək kütləli qara dəlik ətrafında 6 ədəd oxşar obyektin kəşf edilməsi qeyd edilmiş ehtimallardan birinin baş verdiyinə işarə edir. Qalaktikanın mərkəzində çoxlu sayda ikili ulduz sisteminin mövcud olması səbəbilə iki ədəd böyük kütləli ulduzun bir-biri ilə toqquşması halları tez-tez baş verə bilər. Sözügedən kosmik sahədə yüksək kütləli qara dəliyin mövcud olması isə bu cür ehtimalın mümkünlüyünü daha da real edir. Belə ki, yüksək kütləli qara dəliyin qravitasiya gücü bu cür hadisənin baş verməsinə səbəb ola bilər.
Paylaş
Bənzər xəbərlər