main-post-cover

    Alimlər tarixdə ilk dəfə Ay torpağında uğurla bitki yetişdirə biliblər

    Süni İntellekt
    13.05.2022
    Emil Nəcəfov
        Ay kənd təsərrüfatı sahəsi öz inkişaf yolunda daha bir böyük addım atıb. Belə ki, amerikalı alimlər Ay torpağı nümunələrində bitkilərin yetişdirilməsi üzrə aparılmış təcrübələrin uğurla yekunlaşdıqlarını elan ediblər. Təbii ki, söhbət hələ qida məhsulu kimi qəbul ediləcək bitkilərdən getməsə də, bu, gələcəkdə Ayda daimi yaşayış bazasının yaradılması yolunda böyük bir addımdır. Yer kürəsində Ay torpağına çox az rast gəlinir. Buna görə də adətən alimlər bu və ya digər təcrübəni aparmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Məsələn onlardan bəziləri Arizona ştatının səhrasından nümunələr götürərək onları Ay torpağı kimi simulyasiya edirlər və bitki toxumlarını məhz bu cür simulyasiya edilmiş torpaq nümunələrinə yerləşdirirlər. 2019-cu ildə çinli alimlər Aydakı aparatın daxilində toxumaları Ay torpağı nümunələrinin vasitəsilə yetişdirə bilmişdilər. Lakin həmin təcrübə çərçivəsində toxumalar heç bir sutka da dözməyib məhv olmuşdular.
        Florida Universitetinin alimləri Anna-Lisa PaulRob Ferl isə bu işdə böyük addım atıblar. Sözügedən alimlər öz növbələrində 11 il ərzində Ay torpağı (reqolit) ilə müxtəlif təcrübələr aparıblar. Qeyd etmək lazımdır ki, reqolit keçən əsrdə baş tutmuş Apollo-11, 12 17 missiyaları çərçivəsində yığılaraq Yer kürəsinə çatdırılıb. Həmin yığılmış nümunələrin böyük tarixi məna kəsb etmələrinə baxmayaraq alimlər məhdud sayda bitkilərin yetişdirilməsi üçün NASA-dan 12 qramm miqdarında reqolit əldə edə biliblər. Dibçəyə bənzər çox kiçik ölçülü qablardan istifadə edərək alimlər onlardan hər birinə 1 qramm Ay torpağı nümunəsini yerləşdiriblər. Daha sonra onlar hər bir qaba yerləşdirilmiş 1 qramm Ay torpağı nümunəsini qidalandırıcı maddələr ilə nəmləndiriblər və qablara arabidopsis adlı bitkinin toxumlarını yerləşdiriblər.
        Parallel olaraq alimlər eyni bitkinin toxumlarını Yer kürəsində əldə və simulyasiya edilmiş Ay torpağına və Yer kürəsinin ən ekstremal mühitlərindən əldə edilmiş torpaq nümunələrinə yerləşdiriblər. Nəticədə Ay torpağı nümunəsinin olduğu bütün qablarda bitkilər yetişib. Bununla belə aparılmış təcrübə stabil getməyib. Belə ki, məlum olub ki, Ay torpağı nümunələrinə yerləşdirilmiş toxumlardan bitkilər daha ləng şəkildə yetişiblər. Bundan əlavə olaraq onlar bitkilərə duzlar və metallarla təsirlər üçün xarakterik olan effektləri sərgiləyiblər. Alimlər belə bir qənaətə gəliblər ki, Ay torpağı bitkilər üçün stress mənbəyi ola bilər. İndi isə alimlər həmin stress səviyyəsini aşağı salacaq üsulu tapmalıdırlar. 
    Linki kopyala