main-post-cover

    Alimlər Venera atmosferində həyat növünün mövcud olub-olmadığını araşdıracaqlar

    Süni İntellekt
    14.12.2021
    Emil Nəcəfov
        Artıq uzun illərdir ki, alimləri bir sual maraqlandırır. Həyat növü Venera planetinin atmosferində mövcud ola bilərmi? Yaxın gələcəkdə insanlar bu suala cavab tapa biləcəklər. Belə ki, məlumata əsasən Venus Life Finder 2023 missiyası çərçivəsində Venera planetinin turşu buludlarından nümunələr əldə olunacaq və həmin nümunələrdə həyat növünün mövcud olub-olmaması araşdırılacaq. İlk baxışdan Venera canlı orqanizmlərin yaşamaları üçün nəzərdə tutulmuş ideal yer kimi görünmür. Planetin səthindəki temperatur 464 dərəcə Selsiyə çatır (qurğuşun sözügedən temperaturda əriyir). Bundan əlavə olaraq Veneranın atmosferi demək olar ki, CO2 qazından ibarətdir. Həmçinin Veneradakı atmosfer təzyiqi Yer kürəsində dəniz səviyyəsindəki atmosfer təzyiqindən 92 dəfə yüksəkdir. Lakin bütün bunlara baxmayaraq alimlər ümid edirlər ki, planetin səthindən 48-60 km yüksəklikdə olan sulfat turşusu buludlarında “oazis”lər mövcud ola bilərlər. Həmin “oazis”lərdə temperatur və təzyiq daha aşağı, atmosferdə isə daha çox su ola bilər.

    Nəzəri cəhətdən bu cür mühit bəzi mikroorqanizmlər üçün ideal ola bilər. Mikroorqanizmlərin sulfat turşusu buxarları ilə qarşı-qarşıya qala biləcəklərinə baxmayaraq buludlardan ibarət qruplar bir növ sığınacaq rolunu oynaya bilərlər.

        Keçən ilin sentyabr ayında alimlər bildirmişdilər ki, onlar Venera atmosferində fosfin qazını aşkar ediblər. Yer kürəsində sözügedən qaz adətən anaerob mikroblar tərəfindən ifraz edilir. Başqa sözlə desək, müəyyən qazlar bu və ya digər planetdə həyat növünün mövcud olub-olmadığını təyin etməyə imkan verən faktorlardan biri kimi çıxış edə bilərlər. Lakin daha sonra digər alimlərin araşdırmaları nəticəsində məlum oldu ki, söhbət, Venera atmosferində fosfin qazından yox kükürd qazından gedir. Kükürd qazı isə Venera atmosferində ən çox yayılmış komponentlərdən biridir. Bu məsələdə dəqiq cavab almaq üçün planetin atmosferindən nümunələr götürmək lazım olacaq. Venus Life Finder 2023 missiyası da məhz bunun üçün nəzərdə tutulub. Bu onillik ərzində Veneraya 3 missiyanın reallaşdırılması planlaşdırılır. Hər bir missiya özündən əvvəlkinin nəticələrinə əsaslanaraq təşkil ediləcək. İlk missiya 2023-cü ilin may ayında reallaşdırılacaq.

    Həmin missiya Rocket Lab şirkəti tərəfindən hazırlanan Electron adlı raket vasitəsilə baş tutacaq. Electron öz növbəsində Veneraya Photon adlı kosmik gəmini çatdıracaq və həmin kosmik gəmi planetin atmosferindən nümunələrin əldə olunması üçün nəzərdə tutulmuş kiçik aparatı işə salacaq. Aparat planetin atmosferinə lazer şüası yönləndirəcək.

        Əgər atmosferdə orqanik və ya qəliz molekullar varsa, onlar lazer şüalanmasına cavab olaraq işıq saçacaqlar. Bu cür üsul ilə orqanik molekulun hansı sinifə aid olduğunu və molekulun ümumiyyətlə orqanik olub-olmadığnı təyin etmək mümkün olmayacaq. Lakin molekulların işıq saçmaları Venera atmosferində hansısa maddənin olduğuna işarə edəcəklər. Bundan əlavə olaraq aparat Venera buludlarındakı damcıların formalarını təyin etməyə imkan verəcək. Sulfat turşusu damcıları ideal kürə formasına sahibdirlər. Digər formanın mövcudluğu aşkar edilərsə, bu, stmosferdə digər mayenin olduğuna işarə edəcək. Venera atmosferindəki hədsiz aqressiv mühit aparatı 3 dəqiqə ərzində məhv edəcək. Lakin bu müddət ərzində o öz işini yerinə yetirməlidir. İkinci missiya 2025-ci il üçün planlaşdırılır. Həmin missiya çərçivəsində hava ilə dolu şardan istifdə etmək nəzərdə tutulub. Həmin şar 52 km yüksəklikdə Venera atmosferində 2 həftə ərzində qalacaq. Bu müddət ərzində şar atmosferdəki turşuluq səviyyəsini analiz edəcək və su buxarının mövcud olub-olmadığını təyin edəcək. Üçüncü missiyanın reallaşdırılması 2029-cu il üçün planlaşdırılır. Həmin missiya çərçivəsində isə Venera atmosferindən 1 litr həcmində nümunə əldə olunacaq və daha sonra həmin nümunə Yer kürəsində araşdırılacaq.
    Linki kopyala