main-post-cover

    Alimlər Yer kürəsində Merkuri planetinin parçalarını aşkar ediblər

    Süni İntellekt
    29.05.2022
    Farid Pardashunas
        Astronomların fikirlərinə əsasən Günəşə ən yaxın planet olan Merkuri uzaq keçmişdə daha böyük ölçüyə sahib olub. Lakin daha sonra o, digər kosmik obyekt ilə toqquşub və nəticədə mantiyasının böyük hissəsini itirib. Alimlər düşünürlər ki, Merkuri indiki ölçüsündən fərqli olaraq uzaq keçmişdə 2 dəfə daha böyük olub. İrəli sürülmüş bu nəzəriyyənin konkret sübutlara sahib olmamasına baxmayaraq Avropanın Lotaringiya Universitet Mərkəzindən olan tədqiqatçılarının fikirlərinə əsasən keçmiş Merkurinin fraqmentləri muzeylərdə və meteor kolleksiyalarında mövcud ola bilərlər. Həmin fraqmentləri araşdıraraq alimlər Merkurinin keçmişi barəsində daha çox məlumat əldə etmək istəyirlər. “Nümunələrin müşahidə edilməsi bizim Günəş sistemimizin necə inkişaf etməsinin başa düşülməsi məsələsində kiçik inqilab yarada bilər” - deyə planetoloq Camille Cartier qeyd edib. Qeyd etmək lazımdır ki, mövcud olan meteor kolleksiyaları daxili planetlər hesab edilən Merkuri ilə Veneranı özlərində birləşdirmirlər.

    Daxili planetlər dedikdə Günəş sisteminin daxili sahəsində yerləşən planetlər nəzərdə tutulur. Bu siyahıya Merkuri, Venera, Yer kürəsi və Mars daxildirlər.

        Alimlər güman edirlər ki, mövcud olan meteor kolleksiyaları arasında Merkuri və Venera planetlərindən nümunələrin olmamasının əsas səbəbi Günəşə yaxın məsafədəki kosmik daşların Günəş sisteminin daha dərin sahələrinə hərəkət edə bilməmələrindədir. Buna səbəb isə Günəşin qravitasiyasıdır. Alimlərin hesablamalarına əsasən bütün dünya üzrə 70.000 meteor nümunəsi yığılıb. Onların böyük hissəsinin mənşəyi Mars ilə Yupiter arasındakı asteroidlər qurşağıdır. Yığılmış nümunlərdən 500-ü Aya, 300-ü isə Marsa aiddir. Tədqiqatçıların əsas diqqətlərini çəkən kosmik daşlar siyahısına nadir rast gəlinən obritlərdir. Sözügedən kosmik daş növü Fransada yerləşən Obr adlı kəndin şərəfinə adlandırılıb. Belə ki, obritin ilk növü 1836-cı ildə məhz Obr kəndində aşkar edilib. Məlumata əsasən obritlər aşağı parlaqlığa sahibdirlər və onların tərkiblərində az miqdarda metal mövcuddur.

    Bundan əlavə olaraq sözügedən kosmik daş növünün tərkibində oksigen də az miqdardadır. Ola bilsin ki, orbitlər maqma okeanında yaranıblar.

        İndiyənə kimi planetimizdə obritlərin 80 ədəd qalığı aşkar edilib. İndi mütəxəssislər güman edirlər ki, obritlər əslində Merkuridən yaranıblar. Onların fikirlərinə əsasən uzaq keçmişdə Merkuri digər böyük kosmik obyekt ilə toqquşmuş ola bilər. Bunun nəticəsində Merkurinin böyük miqdarda fraqmentləri kosmosa uçublar. Alimlərin sözlərinə əsasən Merkurinin həmin qalıqlarının bir hissəsi Günəş küləyi vasitəsilə asteroidlər qurşağına atılıb. Bununla belə həmin obritlərdən bəziləri Yer kürəsinə düşmüş ola bilərlər. Yer kürəsində aşkar edilmiş obrit nümunələrinin tərkiblərində aşağı miqdarda nikel kobalt mövcuddur. Bu isə Merkurinin ilkin inkişaf mərhələlərindən biri ilə üst-üstə düşür. Bundan əlavə olaraq 2011-2015-ci illərdə NASA Messenger adlı kosmik aparat tərəfindən Merkuri barəsində əldə edilmiş məlumatlar obritlər ilə Merkuri tərkibinin oxşarlıqlarını göstərirlər. Bu, planetin yaranması sualına cavabın tapılmasında vacib rol oynaya bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər