main-post-cover

    Alimlər Yer kürəsində supernova partlayışının izini aşkar ediblər

    Süni İntellekt
    17.05.2022
    Emil Nəcəfov
        CAR-da (Cənubi Afrika Respublikası) yerləşən Yohannesburq Universitetinin alimləri Jan Kramers, Georgy Belyanin Hartmut Winkler 1996-cı ildə Misir səhrasında aşkar edilmiş Hipatia adlı kosmik daşın kimyəvi analizini reallaşdırıblar. Onlar bir neçə il ərzində sözügedən daşın kimyəvi tərkibini müşahidə ediblər və aparılmış yeni tədqiqat çərçivəsində belə qənaətə gəliblər ki, Hipatia adlı kosmik daş çox nadir Ia növ supernova partlayışı nəticəsində yaranan elementləri özündə birləşdirir. Alimlər düşünürlər ki, bu daş bu cür partlayışın ilk fiziki sübutudur və o, Yer kürəsində aşkar edilib. Uzaq keçmişdə nəhəng kosmik obyektin bir hissəsi olmuş bu daşın kimyəvi tərkibini öyrənmək üçün alimlər bir neçə il vaxt sərf ediblər. Uzaq keçmişdə həmin nəhəng kosmik obyekt Yer kürəsinə tərəf istiqamət alıb və nəticədə planetimizin atmosferində yanaraq parçalara ayrılıb. Lakin bu hadisə milyardlarla il bundan öncə Yer kürəsinin formalaşdığı ilk mərhələlərdə baş verib. Sözügedən daşın ilkin analizi onu göstərib ki, o, dəqiq şəkildə Yer kürəsinə aid deyil. Aparılmış növbəti tədqiqatlar nəticəsində məlum olub ki, Hipatia daşının mənşəyi ümumiyyətlə Günəş sistemində olmayıb.

    “Biz bu daşın kimyəvi tərkibini analiz etdik və belə bir qənaətə gəldik ki, o, Günəş sistemində mövcud olan hər bir şeydən fərqlənir. O, hansısa komet ilə asteroidin bir hissəsi olmayıb. Buna görə də biz öz araşdırmalarımız çərçivəsində Günəş sistemindən kənara nəzər yetirməyə qərar verdik” - deyə Jan Kramers qeyd edib.

        Bu daşın tərkibində xüsusi qrup elementlərin mövcud olmalarının səbəbkarı kimi ilk öncə qırmızı nəhəng variantına diqqət yetirilib. Sözügedən ulduzlar kainatda çox geniş yayılmış ulduzlardır. Lakin növbəti analizlər kosmik obyektin qırmızı nəhəng tərəfindən ifraz edilmiş maddələr vastəsilə yaranması ehtimalının üzərindən xətt çəkdilər. Növbəti variant kimi II növ supernova oldu. Nəticədə alimlər yenidən belə bir qənaaətə gəldilər ki, II növ supernova partlayşından sonra ifraz edilən elementlər Hipatia daşının tərkib hissəsini təşkil edən elementlərdən fərqlənirlər. Əsasən də bu, daşın tərkibində olan dəmir miqdarını əhatə edirdi. Sonda alimlər öz seçimlərini Ia növ supernova partlayışında saxlayıblar. Kainatda dəmiri ən çox istehsal edən proses isə nadir rast gəlinən məhz bu növ supernovalardır. Lakin bu cür partlayışlar bizim qalaktikada hər 100 il ərzində 1 və ya 2 dəfə baş verir. Alimlər tərəfindən irəli sürülmüş nəzəriyyəyə əsasən Hipatia daşının mənşəyi öz startını məhz qırmızı nəhəngdən götürür.
        Daha sonrakı mərhlələrdə həmin qırmızı nəhəng böyük ölçülü toz buludu və ya kosmik dumanlığın daxilində ağ cırtdana çevrilib. Həmin ağ cırtdan isə öz növbəsində ikili ulduz sistemində mövcud olub. Yəni ağ cırtdan öz qonşu ulduzuna sahib olub. Müəyyən müddət ərzində ağ cırtdan qonşu ulduzundan materiyanı udub. Lakin daha sonra həmin ağ cırtdan ulduz materiyasının udulma prosesinin pik həddinə çatıb və toz buludu daxilində Ia növ supernova partlayışı baş verib. Ia növ supernova partlayışı ilə partlayan ağ cırtdan təkcə parçalara deyil həmçinin atomlara da ayrılır. Sözügedən partlayış nəticəsində Ia növ supernova maddələri qaz atomları şəklində kosmosa ifraz edilib. Soyuyandan sonra həmin qaz atomları toz buludu hissəcikləri ilə birləşməyə başlayıblar.

    “Məhz bu birləşmə prosesi nəticəsində kosmik obyekt yaranıb və Hipatia da həmin kosmik obyektin bir hissəsi olub” - deyə Jan Kramers qeyd edib.

        Alimlərin fikirlərinə əsasən Hipatia daşının daxil olduğu kosmik obyektin sərt qayaya çevrilməsi milyonlarla il sonra Günəş sisteminin formalaşdığı ilk mərhələlərdə baş verib. Və bu proses çox güman ki, Günəş sisteminin xarici sərhədlərində reallaşıb. Bu ya Oort buludu ya da Koyper qurşağı olub. Öz mövcudluğunun hansısa zaman çərçivəsində Hipatia daşının mənşəyi olmuş nəhəng sərt qaya parçası bizim planet istiqamətində uçmağa başlayıb. Bizim planetə çatandan sonra isə o, atmosferdə yanaraq hissələrə parçalanıb. Parçalanmış hissələrdən biri nəticədə Misir səhrasında aşkar edilib və ona Hipatia adı verilib. “Əgər bizim nəzəriyyəmiz həqiqətə uyğundursa, Hipatia daşı Ia növ supernova partlaşının ilk fiziki sübutu olacaq. Lakin bu nəzəriyyəni təsdiqləmək üçün əlavə tədqiqatlar aparmaq lazım gələcək” - deyə Jan Kramers qeyd edib. 
    Linki kopyala