main-post-cover

    Almaz yağışlarının yağdıqları planet: Alimlər Neptun planetinin maraqlı özəlliklərindən danışıblar

    Süni İntellekt
    25.05.2022
    Emil Nəcəfov
        Neptun planeti Urandan sonra Günəş sisteminin ikinci buz nəhəngidir. O, Yer kürəsindən fərqli olaraq Günəşdən 30 dəfə daha uzaq məsafədə yerləşir. Neptun Günəş ətrafında tam dövrü 165 ilə reallaşdırır. Bu soyuq nəhəng planet öz oxu ətrafında daha tez fırlanır. Buna görə də Neptunda 1 sutka 16 saat təşkil edir. Bəs Neptunun hansı digər özəllikləri var və bu planet nə ilə diqqəti cəlb edir? Neptun 1846-cı ildə Johann Galle adlı alman astronom tərəfindən kəşf edilib. Astronom öz həmkarları ilə birlikdə reallaşdırmış olduğu hesablamalar nəticəsində belə qənaətə gəlmişdi ki, Uranın qravitasiyasına hansısa kosmik obyekt təsir göstərir. Məhz bundan sonra alimlər ilk dəfə Neptunu teleskop vasitəsilə müşahidə edə bildilər. NASA-dan olan alimlər bildiriblər ki, tarixi qeydlərə əsasən Neptun astronomlar tərəfindən hələ 1612-ci ildə müşahidə edilib. Lakin həmin vaxtda onlar bu kosmik obyekti planet kimi qəbul etməmişdilər. Planet Qədim Romanın dəniz tanrısı şərəfinə adlandırılıb.

    Qeyd etmək lazımdır ki, Neptun mavi rəngə sahibdir. Bunun səbəbi isə onun atmosferində çoxlu miqdarda metanın olması ilə bağlıdır.

        Neptuna kimi gedib çatmış yeganə kosmik aparat hələ ki, Voyager-2 hesab edilir. Belə ki, Voyager-2 bu planetin maksimal dərəcədə yaxınlığından keçib və onun ilk bir neçə fotosunu çəkə bilib. Neptun Günəş sistemində hələ ki, kəşf edilmiş son planetdir. Belə ki, 2006-cı ildə Pluton planet statusundan məhrum olmuş və cırtdan planetlər siyahısına daxil edilmişdi. Lakin buna bamayaraq alimlər Günəş sistemində 9-cu planetin axtar;şı ilə məşğuldurlar. Güman olunur ki, həmin planet Günəş sisteminin kənar hissəsində yerləşir. Neptun ilə Yer kürəsi arasındakı məsafə 4.7 milyard km təşkil edir. Voyager-2 aparatı bu məsafəni 12 ilə qətt etmişdi. Lakin o, saatda 68.000 km sürətlə hərəkət edirdi. Bu isə idarə olunan müasir kosmik gəmilərin sürətlərindən qat-qat yüksəkdir. Alimlər hesab edirlər ki, Neptun atmosferində temperatur -225 dərəcə Selsi təşkil edir. Neptunun Urandan daha uzaq məsafədə yerləşməsinə baxmayaraq bu iki planet təqribi olaraq eyni temperatura sahibdir. Bundan əlavə olaraq məlumdur ki, Yupiter Saturn kimi Neptun da Günəşdən udulan enerjidən qat-qat daha çox istiliyi kosmosa ifraz edir.

    Onu da qeyd etmək lazımdır ki, Günəş sisteminin ən güclü küləkləri məhz Neptunda əsirlər. Belə ki, Neptundakı küləklərin sürətləri saatda 1931 km-ə çata bilirlər.

        Bu planetdə bir mövsum isə 40 il ərzində davam edir. Neptunun tərkibi su, ammonyak metandan ibarətdir. Alimlər adətən bu molekulları buz adlandırırlar. Buna görə də Neptun buz nəhəngi hesab edilir. Sözügedən planet sərt səthə sahib olmasa da, onun Yer kürəsi kimi sərt nüvəsi mövcuddur. Uranda olduğu kimi Neptunda da almaz yağışları yağır. Belə ki, sözügedən planetlər Yer kürəsindəki təzyiqdən 200.000 dəfə daha yüksək təzyiqə sahibdirlər. Nəticədə metan karbonun ifrazı ilə parçalanır və daha sonra həmin karbon uzun zəncirlərdə qruplaşaraq almaza bənzər kristallik qəfəslər yaradırlar. Neptun 14 ədəd peykdən əlavə olaraq minimum 5 ədəd halqaya da sahibdir. Lakin Saturn halqalarından fərqli olaraq Neptunun sahib olduğu halqalar tam aydın şəkildə görünmürlər. Planetin ən böyük peyki Tritondur. Alimlərin fikirlərinə əsasən Triton milyardlarla il bundan öncə Neptunun qravitasiyası tərəfindən Koyper qurşağından cəlb edilib.
    Linki kopyala