Altman – Musk rəqabəti dərinləşir: OpenAI Merge Labs-a yatırım etdi
Süni İntellekt
16.01.2026
Sevinc
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, OpenAI CEO-su Sam Altman-a məxsus olan Merge Labs startapına böyük məbləğdə sərmayə qoydu. Şirkət gizli rejimdən çıxaraq, ümumi dəyəri 250 milyon dollar olan seed investisiya raundunu tamamladı və bu mərhələdə OpenAI ən böyük tək investoru oldu. Merge Labs-ın dəyəri bu raundda təxminən 850 milyon dollar olaraq qiymətləndirilib.
Merge Labs özünü insan beyni ilə süni intellekt arasında körpü qurmağı hədəfləyən elmi araşdırma laboratoriyası kimi təqdim edir. Şirkət beynə çip yerləşdirmədən, yəni qeyri-invaziv üsullar vasitəsilə neyronlarla əlaqə qurmağı planlaşdırır. Bunun üçün elektrodlar əvəzinə molekullar və ultrasəs kimi texnologiyalardan istifadə ediləcəyi bildirilir.
Bu addım Sam Altman ilə Elon Musk arasında gedən texnoloji rəqabəti də dərinləşdirir. Musk-ın Neuralink startapı da beyin–kompüter interfeysləri üzərində çalışsa da, hazırda cərrahi müdaxilə tələb edən invaziv metodlardan istifadə edir.
OpenAI açıqlamasında bildirib ki, BCI texnologiyaları insanların AI ilə daha təbii və birbaşa əlaqə qurmasına imkan yaradacaq. Şirkət həmçinin süni intellektin bioengineering və neyroelm sahələrində araşdırmaları sürətləndirəcəyini vurğulayıb. Razılaşma çərçivəsində OpenAI və Merge Labs elmi əsas modellər və qabaqcıl AI alətləri üzərində birgə işləyəcək.
Paylaş