Altman və Musk qarşıdurması yenidən alovlandı
Süni İntellekt
05.02.2026
Ilhama
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Sam Altman ilə Elon Musk arasında uzun müddətdir davam edən gərgin münasibətlər yeni mərhələyə keçib. OpenAI-ın baş icraçı direktoru Sam Altman, Elon Musk-ın açdığı məhkəmə iddiaları və son açıqlamalarından sonra X platformasında kəskin paylaşımlarla cavab verib.
Mübahisənin son raundu Musk-ın OpenAI və Apple əleyhinə qaldırdığı məhkəmə işlərinə aid sənədlərin ictimailəşməsindən sonra başlayıb. OpenAI-ın baş strategiya direktoru Jason Kwon bildirib ki, Musk və onun süni intellekt şirkəti xAI məhkəmə araşdırması çərçivəsində demək olar ki, heç bir əhəmiyyətli daxili sənəd təqdim etməyib və əsasən yoxa çıxan mesajlardan istifadə edib.
Altman bu iddiaları paylaşaraq, Musk-a məxsus məşhur ifadəni ironik şəkildə sitat gətirib: “Concerning!” (Narahatedicidir). Kwon-un paylaşdığı məhkəmə sənədlərinin ekran görüntüləri OpenAI-ın əsas yazışmaların saxlanılmadığına dair arqumentlərini gücləndirdiyi bildirilir. Bununla kifayətlənməyən Altman daha da irəli gedərək, bir neçə ay sonra Elon Musk-ın and içərək ifadə verməsini səbirsizliklə gözlədiyini yazıb və bunu “Apreldə Milad bayramı” adlandırıb.
Paylaş