Amazon Anthropic-ə 25 milyard dollarlıq nəhəng investisiya edir
Süni İntellekt
21.04.2026
Sevinj
Technote.az “TNW” platformasına istinadən bildirir ki, Amazon süni intellekt sahəsində mövqeyini gücləndirmək üçün Anthropic şirkətinə 25 milyard dollara qədər əlavə investisiya qoyacağını açıqlayıb. Bu razılaşma eyni zamanda Anthropic-in növbəti 10 il ərzində Amazon Web Services (AWS) üzərindən 100 milyard dollardan çox həcmdə bulud xidmətləri almasını nəzərdə tutur.
Razılaşmaya əsasən, Amazon ilkin mərhələdə 5 milyard dollar yatıracaq, qalan 20 milyard dollar isə müəyyən kommersiya göstəricilərinə çatdıqca mərhələli şəkildə ödəniləcək. Qeyd edək ki, Amazon artıq 2023-cü ildən bəri Anthropic-ə 8 milyard dollar sərmayə qoyub və beləliklə, ümumi investisiya potensialı 33 milyard dollara çatır.
Bu əməkdaşlığın ən maraqlı tərəfi onun strukturudur. Amazon Anthropic-ə investisiya edir, Anthropic isə həmin kapitalın böyük hissəsini AWS infrastrukturuna xərcləyir. Yəni, maliyyə və texnoloji tərəfdaşlıq bir növ qapalı ekosistem yaradır. Oxşar model iki ay əvvəl OpenAI ilə bağlanan 50 milyard dollarlıq müqavilədə də tətbiq olunmuşdu.
Razılaşmanın texnoloji mərkəzində Amazon-un öz istehsalı olan Trainium çipləri dayanır. Müqavilə mövcud Trainium2, gələcək Trainium3 və hələ təqdim olunmamış Trainium4 çiplərini əhatə edir. Bundan əlavə, Anthropic milyonlarla Graviton processors prosessor nüvəsindən də istifadə edəcək.
Anthropic bu razılaşma ilə süni intellekt modellərixü, xüsusilə Claude AI üçün 5 gigavata qədər hesablama gücü əldə edir. Şirkət bildirir ki, bu addım artan tələbat fonunda atılıb. Belə ki, Anthropic-in illik gəliri artıq 30 milyard dollara çatıb (2025-ci ilin sonunda bu rəqəm təxminən 9 milyard dollar idi).
Yeni əməkdaşlıq həm də Claude platformasının yayılmasını genişləndirir. Artıq AWS istifadəçiləri Claude xidmətlərinə birbaşa öz hesabları vasitəsilə çıxış əldə edə biləcəklər. Bununla yanaşı, Claude modeli həm AWS, həm Google Cloud, həm də Microsoft Azure platformalarında mövcud olan yeganə qabaqcıl AI modeli olaraq qalır.
Geosiyasi faktorlar da bu razılaşmada rol oynayır. Anthropic hazırda ABŞ Müdafiə Nazirliyi ilə əməkdaşlıqdan kənarlaşdırılıb və bu qərarla bağlı məhkəmə prosesi davam edir. Buna baxmayaraq, Amazon ilə imzalanan bu nəhəng müqavilə şirkətin bazardakı mövqeyini daha da gücləndirir.
Son məlumata görə, bu investisiya raundu Anthropic-i 380 milyard dollar dəyərində qiymətləndirir. Bəzi investorların isə şirkətə IPO öncəsi 800 milyard dollar dəyər təklif etdiyi bildirilir.
Paylaş