Amazon süni intellekt şirkətləri üçün kontent bazarı yarada bilər
Süni İntellekt
11.02.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, süni intellekt sənayesində müəllif hüquqları ilə bağlı mübahisələr və məhkəmə çəkişmələri artdığı bir vaxtda, Amazon yeni bir təşəbbüs üzərində çalışır. Məlumata görə, şirkət media qurumlarının öz kontentlərini birbaşa süni intellekt şirkətlərinə lisenziyalaşdıra biləcəyi xüsusi bir marketplace (rəqəmsal bazar) yaratmağı planlaşdırır.
The Information nəşrinin yaydığı xəbərə əsasən, Amazon artıq bir sıra nəşriyyat rəhbərləri ilə görüşlər keçirib və bu ideya barədə ilkin məlumatlandırma aparıb. AWS tərəfindən nəşriyyatlar üçün təşkil olunan konfrans ərəfəsində şirkətin təqdimat slaydlarında “kontent marketplace” anlayışının yer aldığı bildirilir. Amazon-un sözçüsü məsələ ilə bağlı xəbəri nə təsdiq, nə də təkzib edib. O bildirib ki, şirkət nəşriyyatlarla AWS, Retail, Advertising, AGI və Alexa daxil olmaqla bir çox istiqamətlərdə uzunmüddətli əməkdaşlığa malikdir, lakin hazırda konkret açıqlanacaq məlumat yoxdur.
Bu model bazarda yeni deyil. Microsoft artıq “Publisher Content Marketplace” (PCM) adlı platformanı istifadəyə verib. Şirkətin açıqlamasına görə, bu sistem nəşriyyatlara yeni gəlir mənbəyi təqdim edir və eyni zamanda süni intellekt sistemlərinə premium kontentə genişmiqyaslı çıxış imkanı yaradır. Son illərdə süni intellekt şirkətləri müəllif hüquqları ilə bağlı riskləri azaltmaq üçün media qurumları ilə birbaşa lisenziya müqavilələri bağlamağa başlayıblar. Məsələn, OpenAI artıq Associated Press, Vox Media, News Corp və The Atlantic kimi media qurumları ilə tərəfdaşlıq edib.
Buna baxmayaraq, hüquqi problemlər hələ də davam edir. Müəllif hüquqları ilə qorunan materialların AI modellərinin təlimində istifadəsi ilə bağlı çoxsaylı məhkəmə iddiaları qaldırılıb və məsələ hazırda müxtəlif məhkəmə instansiyalarında araşdırılır. Eyni zamanda, yeni tənzimləyici mexanizmlər də müzakirə olunur.
Paylaş