
Amazon-un təsisçisi Jeff Bezos: "Süni intellekt "sənaye köpüyü"dür, lakin o, cəmiyyət üçün faydalı olacaq
Süni İntellekt
03.10.2025
Emil
Süni intellekt hazırda “sənaye köpüyü”nü xatırladır, lakin bu texnologiya realdır və cəmiyyətə əhəmiyyətli fayda gətirəcək. Bu bəyanatı Amazon-un qurucusu Jeff Bezos İtaliyanın Turin şəhərindəki konfransda verib. “Köpük” sözü adətən şirkətlərin və onların səhmlərinin dəyərinin biznesin fundamental əsaslarından qoparaq şişirdildiyi dövrü xarakterizə etmək üçün işlədilir. Ən məşhur partlamış köpüklərdən biri 2000-ci ildə dotkom böhranı olmuşdu, o vaxt internetlə bağlı şirkətlərin dəyəri kəskin şəkildə çökmüşdü. Italian Tech Week tədbirində Exor holdinqinin baş direktoru John Elkann Bezos-dan soruşub ki, İT sənayesində “köpük” əlamətləri varmı.

“Bu müəyyən mənada sənaye köpüyüdür” - deyə Amazon-un qurucusu etiraf edib. Bezos “köpüklərin” bəzi xarakterik xüsusiyyətlərini sadalayaraq qeyd edib ki, bu mərhələdə səhmlərin qiymətləri biznesin fundamental əsaslarından qopur. Cəmiyyətdə isə həmin “köpüyü” formalaşdıran texnologiyalara böyük həvəs yaranır - hər bir təcrübi məhsul və ya ideya maliyyə dəstəyi alır. “Yaxşı ideyalar və pis ideyalar. Bu həyəcan içində investorlar üçün yaxşı ideyanı pis ideyadan ayırmaq çətindir. Yəqin ki, bu gün də eyni vəziyyət yaşanır. Amma bu, baş verənlərin hamısının qeyri-real olduğu demək deyil.

Süni intellekt realdır və o, hər bir sahəni dəyişəcək” - deyə Jeff Bezos bildirib. O, cəmi 6 nəfərlik heyətə malik, amma milyardlarla investisiya toplayan bir şirkəti misal çəkib. Onun fikrincə, bəzi köpüklər faydalı da ola bilər. O, biotexnologiya və əczaçılıq şirkətlərindəki boom-u müsbət nümunə kimi göstərib. Çoxu müflis olub, amma həyati əhəmiyyətli dərmanlar da meydana çıxıb. “Sənaye köpükləri o qədər də pis deyil və toz yatandan sonra, kimlərin qalib gəldiyi bəlli olanda, bu ixtiralar cəmiyyət üçün faydalı olacaq. Burada da eyni şey baş verəcək. Bu realdır: süni intellektin cəmiyyət üçün faydaları nəhəng olacaq” - deyə Bezos vurğulayıb.
Paylaş