AMD süni intellekt yarışında Nvidia-ya meydan oxuyur
Süni İntellekt
24.07.2026
Sevinj
AMD süni intellekt sahəsində Nvidia ilə rəqabəti gücləndirmək üçün ən yeni aparat həllini təqdim edib. Şirkətin yeni Helios adlı rack miqyaslı sistemi dünyanın ən böyük süni intellekt laboratoriyalarının hesablama ehtiyaclarını qarşılamaq üçün hazırlanıb. AMD-nin İdarə Heyətinin sədri və baş direktoru Lisa Su San-Fransiskoda keçirilən və bütün biletləri satılan Advancing AI konfransında Helios sistemini təqdim edib. Şirkətin sözlərinə görə, sistem bu ilin sonunda müştərilərə göndərilməyə başlayacaq. Tədbirdə Microsoft da daxil olmaqla Helios-dan istifadə edəcək bir sıra böyük şirkətlər barədə məlumat verilib.
Rack sistemləri çoxsaylı prosessorları yüksək hesablama gücünə malik vahid bir sistemdə birləşdirir. Bu həllər əsasən məlumat mərkəzlərində istifadə olunur və süni intellekt modellərinin təlimi, işlədilməsi, eləcə də böyük hesablama gücü tələb edən digər proseslər üçün nəzərdə tutulur. Lisa Su Helios-u texnologiya sənayesində “ən yüksək performansa malik süni intellekt rack sistemi” kimi təqdim edib. Onun sözlərinə görə, sistem dünyanın ən mürəkkəb süni intellekt modellərini böyük miqyasda öyrətmək və işlətmək üçün hazırlanıb. Şirkət həmçinin Helios-un aparıcı süni intellekt şirkətləri tərəfindən gigavat miqyasında tətbiq ediləcəyini bildirib.
Bu bazarda uzun müddətdir dominant mövqedə olan Nvidia isə Vera Rubin və Grace Blackwell kimi rack miqyaslı sistemləri ilə AMD-nin əsas rəqibidir. AMD-nin Helios sistemi ilə bu sahədə Nvidia-ya ciddi rəqib olmağa çalışdığı görünür. The Register-in məlumatına görə, Helios bəzi performans göstəricilərində Vera Rubin-i geridə qoyur. 2025-ci ildə təqdim edilən və 2026-cı ilin yanvarında CES sərgisində nümayiş etdirilən Helios artıq bir sıra tanınmış müştərilərin diqqətini cəlb edib. OpenAI, Meta, Oracle, Anthropic və Microsoft sistemi tətbiq etməyi planlaşdıran şirkətlər arasındadır. Microsoft-un baş direktoru Satya Nadella şirkətin Azure infrastrukturunu Helios sistemləri ilə genişləndirəcəyini açıqlayıb.
Bundan əlavə, Anthropic və AMD yeni strateji tərəfdaşlıq elan edib. Razılaşmaya əsasən, Anthropic yeni rack sistemi vasitəsilə 2 giqavata qədər AMD GPU yerləşdirməyi planlaşdırır. AMD tədbirdə məlumat mərkəzləri və yüksək hesablama gücü tələb edən işlər üçün nəzərdə tutulan yeni Venice-X prosessorunu da təqdim edib. Prosessorun 2027-ci ildə bazara çıxarılması gözlənilir.
Lisa Su çıxışında süni intellektin çip sənayesinə təsirindən də danışıb. Onun fikrincə, 2030-cu ilə qədər süni intellekt üçün istifadə olunan çiplər ümumi hesablama bazarının böyük hissəsini təşkil edəcək. Bunun əsas səbəblərindən biri isə agent əsaslı süni intellekt sistemlərinin sürətli inkişafıdır. Su bildirib ki, süni intellekt agentindən müəyyən tapşırığı yerinə yetirməsi istənildikdə, sistem çoxsaylı mərhələlərdən keçir, məntiq yürüdür, müxtəlif alətlərdən istifadə edir, məlumatlara çıxış əldə edir və problemi həll edənə qədər bu prosesi dəfələrlə təkrarlayır. Bu isə daha çox GPU və hesablama gücünə ehtiyac yaradır.
AMD-nin proqnozuna görə, AI accelerator bazarı 2030-cu ilə qədər təxminən 1,4 trilyon dollara çatacaq. Lisa Su hesab edir ki, onilliyin sonuna qədər bu bazarın həcmi bugünkü ümumi yarımkeçirici bazarının ölçüsünə yaxınlaşacaq.
Paylaş
