Logo
    main-post-cover

    Analitiklər: Süni zəka layihələrinin 30%-i bağlanacaq

    Süni İntellekt
    31.07.2024
    Emil
         Gartner şirkətinin analitikləri yaxın 1 il üçün generativ süni zəkanın inkişaf tempini analiz edərək belə qənaətə gəliblər ki, 2025-ci ilin sonuna kimi bu istiqamətdəki layihələrin 30%-i bağlanacaq. Bunun əsas səbəbləri arasında aşağı keyfiyyətə sahib məlumatlar, risklərin qeyri-adekvat idarəsi, artan xərclər və biznes üçün anlaşılmaz dəyər var. Bu cür layihələrə misal olaraq kodlaşdırma üzrə rəqəmsal köməkçilər, Retrieval-Augmented Generation texnologiyası vasitəsilə sənədlərin axtarış sistemləri, virtual köməkçilər, tibb, sığorta və maliyyə xidmətləri sahələrindəki tətbiqlər gətirilib.
         Məsələn kodlaşdırma üzrə rəqəmsal köməkçilər olduqca effektiv sistemlər hesab edilir. Bu cür sistemlər ilkin mərhələlərdə şirkətdən 100 000-200 000$ xərc tələb edir. İstifadəçilərin bu cür sistemlər üçün illik xərcləri isə 280-550$ təşkil edir. Lakin sistemin tərkib hissəsini təşkil edən böyük dil modelinin (LLM) sıfırdan hazırlandığı halda xərclər olduqca yüksəlir. Məsələn sığorta və maliyyə xidmətləri üçün nəzərdə tutulmuş LLM-in sıfırdan yığılması 8 milyon dollardan 20 milyon dollara başa gələ bilər.
         Bununla belə ilkin mərhələlərdə əlavə 11 000$-dan 21 000$-a kimi xərclər də olacaq. Gartner şirkəti bildirib ki, keçən il generativ süni zəka ətrafında olmuş səs-küydən sonra şirkət rəhbərləri bu sahəyə yatırılmış investisiyaların bəhrəsini səbrsizliklə gözləyirlər. Lakin LLM-in hazırlanmasına və işə salınmasına sərf edilən vəsaitlər getdikcə artır. Bu məsələdə generativ süni zəka üçün universal həll yoxdur və digər texnologiyalardan fərqli olaraq bu sahədə xərcləri o qədər də yaxşı proqnozlaşdırmaq olmur. Buna görə də şirkətlərin əksəriyyəti generativ süni zəka əsaslı tətbiqlərdən imtina edə bilərlər.
    Paylaş