Anthropic 7 milyard dollara MatX-i almaq planından imtina edib
Süni İntellekt
28.08.2026
Anthropic şirkətinin çip istehsalçısı MatX-i təxminən 7 milyard dollara satın almağı planlaşdırdığı, lakin sonradan bu fikirdən daşındığı bildirilir. Reuters-in məsələyə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, tərəflər arasında satınalma ilə bağlı danışıqlar kifayət qədər irəliləmişdi. Lakin sonradan Anthropic MatX-i tamamilə almaq əvəzinə şirkətlə əməkdaşlıq imkanlarını müzakirə etməyə başlayıb. Anthropic-in satınalma planından niyə imtina etdiyi hələlik məlum deyil. Şirkət Reuters-in sorğusuna şərh verməkdən imtina edib, MatX isə sorğuya cavab verməyib. Hazırda tərəflər arasında əməkdaşlıq müqaviləsinin imzalandığına dair də rəsmi məlumat yoxdur.
MatX-in əsas məqsədi Nvidia-nın universal qrafik prosessorlarına alternativ olaraq konkret süni intellekt tapşırıqları üçün optimallaşdırılmış çiplər hazırlamaqdır. Şirkət hazırladığı prosessorların kütləvi tədarükünə 2027-ci ildən başlamağı planlaşdırır. Anthropic də son dövrdə Nvidia-dan asılılığını azaltmaq və öz çip infrastrukturu üzərində daha çox nəzarət əldə etmək istiqamətində addımlar atır. Şirkət artıq daxili çip komandası formalaşdırır və öz prosessorunun istehsalı üçün Samsung ilə də danışıqlar aparır.
Buna görə MatX-in satın alınması Anthropic-ə hazır təcrübəyə malik mühəndis komandası və çip texnologiyası qazandıra bilərdi. Lakin şirkətin MatX ilə tərəfdaşlıq modelini seçməsi eyni texnologiyadan şirkəti tamamilə satın almadan istifadə etməsinə imkan verə bilər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...